Fanatik yəhudilər Məscidül-Əqsaya basqın etməyə davam edir

Tarix: 21:33 16.04.2025
Fanatik yəhudilər, Hamursuz Bayramı çərçivəsində İsrail polisinin mühafizəsi altında işğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsaya basqınlarını davam etdirir. Qüds İslam Vəqfləri İdarəsindən adının açıqlanmasını istəməyən bir vəzifəli şəxs Anadolu Agentliyinin müxbirinə bildirib ki, səhər və günorta saatlarında İsrail polisinin müşayiəti ilə ümumilikdə 1135 fanatik yəhudi Əqsaya basqın edib.
Yəhudi inancına görə müqəddəs sayılan Hamursuz Bayramının ilk dörd günü ərzində Məscidül-Əqsaya basqın edən fanatik yəhudilərin sayı 3 min 998-ə çatıb. Basqınlar zamanı İsrail polisinin Məscidül-Əqsa və Köhnə Şəhər ətrafında sıx şəkildə yerləşdiyi müşahidə olunub. Fanatik yəhudilər, basqınlarla Məscidül-Əqsada yalnız müsəlmanların ibadət edə biləcəyi, digər din mənsublarının isə yalnız ziyarət edə biləcəyi yönündəki status-kvonu pozaraq, İsrail polisinin qoruması altında Hərəm-i Şərifdə ayinlər həyata keçirirlər. İsraildə 12 aprel axşamı başlayan və 20 aprelədək davam edəcək Hamursuz (Pesah) Bayramı müddətində fanatik yəhudilərin Məscidül-Əqsaya basqınlarının davam edəcəyi gözlənilir. Bu cür basqınlar bölgədə gərginliyin artmasına səbəb olur. Yəhudilərin digər 6 bayramında olduğu kimi, Hamursuz Bayramında da fanatiklərin Məscidül-Əqsaya basqınları artır. Məscidül-Əqsa, İsrail ilə İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən, İordaniya Vəqflər, İslam İşləri və Müqəddəsat Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir. 2003-cü ildən etibarən yəhudilər bu idarənin icazəsi olmadan, İsrailin birtərəfli qərarı ilə polis müşayiəti altında müqəddəs məbədə daxil olurlar. Qüds İslam Vəqfləri İdarəsi bu girişləri "basqın" olaraq xarakterizə edir və müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır. İsraillilər, içində Qiblə Məscidi və Qubbətus-Səhrə Məscidinin, muzeylərin, mədrəsələrin və böyük həyətyanı sahənin olduğu Məscidül-Əqsa kompleksinin altında "Süleyman məbədinin qalıqlarının olduğu" iddiası ilə qazıntılar aparırlar. İsrail rəhbərliyi, Məscidül-Əqsada "yalnız müsəlmanların ibadət edə bildiyi, digər dinlərdən olan şəxslərin isə yalnız ziyarət edə bildiyi" yönündəki tarixi status-kvonu qoruduğunu iddia edir. Ancaq fanatik yəhudilərin İsrail polisi qorumasında Əqsaya girərək dua etmələri və dini rituallar həyata keçirmələri tez-tez kameralara əks olunur. İsrail daxilindəki Ultra Ortodoks yəhudi din adamlarının əksəriyyəti isə yəhudilərin Məscidül-Əqsaya girməsinin dini baxımdan qadağan olduğunu bildirir.
Anadolu Ajansı
Billurə Quliyeva