Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Tarix: 12:57 15.04.2025
Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 14-də diplomatik vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlib. Lu Meyi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Çin səfirliyinin əməkdaşları və yüksək vəzifəli diplomatları qarşılayıblar. Qarşılanma mərasimində səfir qeyd edib ki, Çin və Azərbaycan təkcə səmimi və etibarlı dostlar deyil, həm də bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır.
Mövzu ilə bağlı "İnformator.az"a Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, son dönəmlərdə Azərbaycan-Çin əlaqələri daha da inkişaf etməyə başlayıb:
"İkinci Qarabağ savaşından sonra bütün dünya ölkələri Azərbaycanın regiondakı nüfuzunu, Cənubi Qafqazdakı liderlik statusunu qəbul edib. Çin də belə ölkələrdəndir. Rəsmi Pekin dünyanın hər yerinə nüfuzunu yaymağa çalışır. Həmçinin Çin hakimiyyəti yaxşı anlayır ki, Cənubi Qafqazda varlığını hiss etdirməyin əsas yollarından biri Azərbaycanla yaxın əlaqələr qurmaqdır. Bu baxımdan gələcəkdə də Çin-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə artan xətlə inkişaf edəcəyini düşünmək olar. Əslində yeni səfir bunun mesajlarını Bakıda verdiyi açıqlamalarda ifadə edib. Bilirsiniz ki, “Bir kəmər, bir yol”un birgə tikintisində fəal iştirak edir. Çin isə, belə bir layihədə iştirak edən Azərbaycan kimi ölkə ilə yaxın əlaqələrin qurulmasında yaxın iştirak etməkdə daim maraqlı görünəcək. Hazırda Pekin Amerika başda olmaqla Avropanın digər “iribuynuzlu” gücləri ilə iqtisadi və siyasi rəqabətdədir. Son illərdə hətta bir sıra sahələrdə təsirini artıraraq həmin gücləri iqtisadi yöndə keçməyi də bacarıb. Belə bir ölkə ilə yaxın əməkdaşlıq rəsmi Bakının da maraqlarına tam uyğun gəlir. Bir faktı da unutmayaq ki, bir sıra sahələrdə, xüsusilə, iqtisadi əməkdaşlıqda Rusiya və Çin çox yaxın görünür. Bu baxımdan Pekinin Bakı ilə yaxınlığı Moskvanın da maraqlarına tam cavab verir”.
Yeni səfirin vəzifəyə başlaması ABŞ və Avropa İttifaqı kimi digər güclərin bölgəyə baxışına necə təsir edə bilər?
"Hesab edirəm ki, rəqabət daha da güclənəcək. Çünki, Amerika başda olmaqla bir sıra Qərb gücləri hazırda Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Rusiya da buna ciddi mane olmaqdadır. Belə bir şəraitdə Çin əlbəttə Cənubi Qafqazın lider ölkəsinin “bığının altından keçməyə məcburdur”. Əks təqdirdə nəinki Çin, elə Rusiya da Cənubi Qafqazda bir sıra mövqeləri rəqiblərə “qapdıra” bilər. Onun üçün də hesab edirəm ki, Azərbaycan-Çin əlaqələrinin inkişafı hər iki tərəfə, o cümlədən region ölkələrinə tam sərf edir. Yeni səfirə bu yöndəki fəaliyyətində uğurlar arzulayırıq".
Qəmər Kazımzadə