Azərbaycanda qadın jurnalist olmaq: Fürsətlərin və çətinliklərin kəsişməsində

Bölmə: ,
Tarix: 21:54 15.04.2025

Media dünyası sürətlə dəyişir, informasiya axını daha da intensivləşir və bu dəyişikliklərin mərkəzində jurnalistlər dayanır. Xüsusilə qadın jurnalistlər üçün bu sahədə irəliləmək bəzən fürsətlər qədər çətinlikləri də özü ilə gətirir.

Azərbaycanda qadın jurnalist olmağın real mənzərəsini daha dərindən anlamaq üçün təcrübəli jurnalist və televiziya aparıcısı Könül Həbibqızı ilə söhbətləşdik.

"Qarşındakı çətin adamdan müsahibə almaq xanım jurnalist üçün bir az asandır"
Könül Həbibqızı qadın jurnalistlərin bəzən kişi həmkarlarından daha çevik və emosional olaraq güclü olduqlarını düşünür. Onun fikrincə, bəzi hallarda qarşı tərəfin "xanım" statusuna yanaşması müsahibənin alınmasını asanlaşdırır:

“Əgər qarşındakı adam çətin insandırsa, o çətin adamdan müsahibə almaq xanım jurnalist üçün bir az asan olur. Çünki onlar xanımdan keçə bilmirlər".

Lakin bu rahatlıq hər zaman keçərli deyil. Xanım jurnalistlərin qarşılaşdığı ən ciddi problemlərdən biri müxtəlif xarakterli insanlarla birbaşa ünsiyyətdə yaranan çətinliklərdir. Könül xanım qeyd edir ki, belə situasiyalarda peşəkar davranmaq və “şərəflə” bu sınaqlardan keçmək hər bir jurnalist üçün böyük qələbə sayılır.

Gender balansı varmı?
Cəmiyyətin müxtəlif təbəqələrində gender bərabərliyi müzakirə olunduğu kimi, bu sual media sahəsində də aktualdır. Könül Həbibqızına görə, jurnalistika mühitində qadınların sayı kifayət qədərdir və onlar peşəkar performansları ilə fərqlənirlər:

“Jurnalistika palitrasında kifayət qədər xanım jurnalist var. Hətta mən deyərdim ki, xanım jurnalistlər daha çevikdirlər, daha çox ağır və qəliz reportajlarının öhdəsindən gəlirlər".

O, həmçinin qadınların daha güclü hissiyyata malik olduqlarını və bu xüsusiyyətin onlara obyektiv və dürüst jurnalistika üçün ciddi üstünlük verdiyini vurğulayır.

“Qələm cins tanımır, amma şəxsiyyət tanıyır”
Gənc qadın jurnalistlər üçün tövsiyələrini bölüşən Könül xanım peşənin əsas dayaqlarını — dürüstlük, peşəkarlıq və şəxsi hörmət — ön planda saxlayır:

“Düşünməsinlər ki, biz zərif cinsin nümayəndələriyik. Qələmin kəsəri kişi-qadın fərqinin fövqündə durur. Amma hər xanım jurnalist unutmamalıdır ki, o, həm də anadır. Əgər ana yalan danışırsa, cəmiyyətə dürüst övlad verə bilməz".

O, həmçinin jurnalist xanımların ad və soyadlarının, imiclərinin qorunmasının vacibliyini vurğulayır və onları heç bir şirnikləndirici təklifin cazibəsinə uymamağa çağırır.

Nəticə olaraq, Azərbaycanda qadın jurnalist olmaq sadəcə bir peşə deyil — bu, həm də cəmiyyətə örnək olmağı, dəyərləri qorumağı və şəxsiyyətlə peşəkarlığı bir araya gətirməyi tələb edir. Könül Həbibqızının fikirləri bu yolun həm şərəfli, həm də məsuliyyətli olduğunu bir daha təsdiqləyir.

Maya Həsənova