Talassemiyadan əziyyət çəkənlərə qarşı dələduzluq-Məhkəmə təxirə salındı

Bölmə: Sosial › ,
Tarix: 20:48 16.04.2025

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan şəxslərə cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Onlar əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatını mənimsəyiblər.

 

Bu məsələ ilə bağlı hüquqşünas Mehman Muradlı "Informator.az"a açıqlamasında bildirib ki, əgər təqsirləndirilən şəxslərin əvvəl məhkumluqları yoxdursa, azadlığa çıxa bilərlər:

 

"İstintaq ittiham aktını vahid niyyətlə tərtib ediblərsə, bu, CM-nin 178.3-cü maddəsinə əsasən məhkəməyə göndərilib. Külli miqdarda dələduzluğun cəzası 5 ildən 10 ilə qədər nəzərdə tutulur. Əgər zərərçəkmişə dəyən ziyan ödənilirsə və zərərin 50%-ni də dövlətə köçürülürsə, cinayət işinə xitam verilə bilər. Əgər təqsirləndirilən şəxslərin əvvəl məhkumluqları yoxdursa, çölə çıxa bilərlər. Zərərçəkmişlər mülki iddia irəli sürə bilərlər.

Belə halların qarşısını almaq üçün cinayət məcəlləsi var. Bunun əsas məqsədi insanları cinayət törətməkdən çəkindirməkdir. Dələduzluq cinayətlərində də azadlıqdan məhrumluq, pul cəzası da nəzərdə tutulur".

 

Xədicə Məhərrəmli