“Düşün, Yoxla, Paylaş!”

Bölmə: Sosial › ,
Tarix: 21:17 16.04.2025

“BDU Könüllüləri” təşkilatının Jurnalistika fakültəsinin könüllülərinin təşəbbüsü ilə “Düşün, Yoxla, Paylaş!” adlı təlim həyata keçirilib.

 

Təlimin əsas məqsədi tələbələrə informasiya savadlılığı, düzgün və etibarlı informasiya ilə yanlış və manipulyativ xəbəri ayırd etmək bacarığını formalaşdırmaq olub.

 

Təlimin açılışını təşkilatın Jurnalistika fakültəsi sədri Güllü Hacızadə edib. O, bildirib ki, informasiya bolluğu dövründə ictimaiyyətə doğru məlumatın ötürülməsi böyük məsuliyyət tələb edir.

 

Daha sonra çıxış edən Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə, dekan müavini Samir Mirzəyev təlimin əhəmiyyətini yüksək qiymətləndirərək saxta xəbərlərin cəmiyyətə mənfi təsiri, ictimai rəyə olan yönləndirici təsirləri barədə ətraflı danışıb.

 

Təlimin ikinci hissəsində iştirakçılar üçün “Media məhkəməsi” adlı interaktiv sessiya təşkil olunub. Bu bölmədə tələbələr real və ya simulyasiya olunan xəbər nümunələri üzərində işləyərək, onların hansı səviyyədə etibarlı və dəqiq olduğunu müəyyən etməyə çalışıblar. Qrup şəklində aparılan müzakirələr zamanı iştirakçılar müxtəlif mənbələrin müqayisəsini apararaq informasiyanın doğruluğunu yoxlamağın yollarını təhlil ediblər.

 

Nigar Həsənzadə