"Demokrat dekan" - Akif Rüstəmov

Bölmə: MEDİA › ,
Tarix: 16:20 16.12.2015

Deyirlər, insanı inkişaf etdirən, formalaşdıran onun yaşadığı cəmiyyət və kollektivdir. Nə yaxşı ki, mən qəlbləri və fikirləri gözəl olan belə kollektivlərdən biri olan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində işləməli oldum. Burada dərs deyən bir çox müəllimlər var ki, onlar öz gözlərində deyil, başqalarının gözlərində yüksələnlərdir. Onlardan biri də Akif Rüstəmovdur. Jurnalistika fakültəsinin sayılıb-seçilən müəllimlərindən olan Akif müəllim həm də universitet kollektivinin hörmət etdiyi müəllimlərdəndir.

Bu günlər Bakı Dövlət Universiteti özünün 95 illik yubileyini qeyd edəcək. İyirmi mindən artıq müəllim və tələbə kontingentini özündə birləşdirən bu ali məktəb son dövrlər öz elmi-texniki bazasını yeniləyir, günün tələblərinə cavab verən laboratoriyalar tələbələrin ixtiyarına verilir. Universitet rəhbərliyi bu istiqamətdə gələn təşəbbüsləri daima dəstəkləyir. Jurnalistika fakültəsində də bu yöndə müəyyən işlər görülüb və görülməkdədir.

Həyatı və fəaliyyətini Jurnalistika fakültəsiylə bağlayan Akif müəllimin haqqında danışmaq həm də universitetin yaxın tarixinə ekskurs etməyə bərabərdir.

Jurnalistika fakültəsində işə başlayanda ilk ünsiyyət yaratdığım adam Akif müəllim olub. Amma indiyə qədər demədiklərimi  onun 75 yaşında demək istəyirəm...

Mənim Akif müəllimlə tanışlığımın tarixi 1984-cü ildən başlanır. Baxmayaraq ki, aramızda yaş fərqi var, biz onunla elə ilk gündən dostlaşdıq. İlk dövrlər aramızda yaş fərqinin çox olması və bizim dostluğumuz bəzilərinə qəribə də gəlirdi. Beləcə dostluğumuz 30 ilə yaxın  dövrü əhatə edir. Mən Akif müəllimin nə 60, nə də 70 yaşı ilə əlaqədar yubileylərində onun haqqında heç nə yazmamışam.

Sadəlik, xeyirxahlıq və dürüstlük Akif müəllimin qayəsidir. Qədim çin mütəfəkkiri Konfutsi deyirdi ki, ən yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir. Akif müəllim də yaxşılıq etdiyi insanların fərqinə varmır. Mənimlə bağlı bir faktı qeyd edim. Fakültənin tədris teleradio studiyasının rəhbəri idim. Bir gün o mənə dedi ki, Televiziya və radio jurnalistikası kafedrasında boş olan müəllim yerinə keçmək istərdinmi, amma bir şərtlə, gərək həm də dekan müavini vəzifəsini aparasan. Dekan müavini vəzifəsinin məsuliyyəti düzü məni qorxutdu. Elə bu səbəbdən əvvəlcə razılaşmadım, sonra o "saqqızımı oğurladı" və mən razılıq verdim. İndi 20 ilə yaxındır ki, dekan müavini işləyirəm. Onu da deyim ki, tədrisi də elə Akif müəllimdən öyrəndim. Bu gün də yeri gələndə köməyimə çatır, məsləhətlərini verir.

Akif müəllimin otağının qapısı hamının, xüsusilə də tələbələrin üzünə daima açıqdir. Bu onun dekan vaxtında da indi də belədir. Onun tələbələrə münasibəti təkcə müəllim - tələbə münasibətilə bitmir. Bu həm də, əgər belə demək mümkünsə, övlad münasibətidir. O, həmişə tələbələri təmkinlə dinləyib qərarını verir. Dəfələrlə tələbələrin tədris müddətində yaranmış problemlərinə Akif müəllimin necə həssaslıqla yanaşmasının şahidi olmuşam.

Heç kəsə sirr deyil ki, Jurnalistika fakültəsi digər fakültələrdən seçilir. Burada təhsil alanların əksəriyyəti hələ tələbə ikən kütləvi informasiya vasitələri ilə əlaqə saxlayırlar. Odur ki, informasiya sarıdan da korluq çəkmirlər. Bəzən onların verdikləri "qəliz" suallara elə cavab verməlisən ki, səndən narazı qalmasınlar. Belələri ilə işləmək də asan deyil. Xüsusilə, Akif müəllimin dekan olduğu illər (1989-1999). Həmin dövr respublikanın ağır günləri idi. Qarabağ müharibəsi, ölkədəki ictimai-siyasi vəziyyət, mitinqlər, sui-qəsdlər, jurnalistlərin döyülməsi, bir sözlə, sabitliyin pozulması tələbələri də hərəkətə gətirmişdi.  Bu dövr mən deyərdim ki, Akif müəllim hər bir tələbəni düzgün istiqamətləndirməyi də bacardı. O, deyirdi ki, bu tələbələr müxtəlif ailələrdən gəlirlər, onların hamısı ilə eyni tonda danışmaq düzgün deyil. Onlarla elə danışmalısan ki, səni düzgün başa düşsünlər. Yoxsa tələbəni qorxutmaqla  yalnız pərdəni aradan götürmüş olarsan. Bu da son nəticədə işimizə ziyan gətirər.

Zahirən təmkinli, mülayim xarakterli olan Akif müəllimlə mübahisələrimiz də olub. Aramızdakı inciklik bəzən bir neçə gün çəkib. Di gəl, kimin haqlı, kimin haqsız olduğunu kənara qoymuşuq. Həmişə deyərdi ki, vəzifə müvəqqətidir, gərək elə işləyəsən ki, vəzifədən gedəndən sonra da sənə salam verənlərin sayı azalmasın. Onun dekan kreslosunda oturduğu ilk günü də xatırlayıram. Həmin tarixi masanın kənarına yazıb, yarı zarafat, bəlkə də gerçək vəzifədən gedəcəyi günə də yer qoymuşdu.

Bu illər Akif müəllimin kollektivin hər bir üzvünə eyni münasibət bəslədiyini, ayrı-seçkiliyə yol vermədiyinin, o qanlı-qadalı günlərdə onları necə qoruduğunun şahidiyəm. 90-cı illərin əvvəllərində respublikamızda yaranmış siyasi durumla əlaqədar bütün fakültələrdə gecələr müəllimlərdən növbətçi qalırdı. Bizim fakültədə isə yalnız ikimiz - Akif müəllim və mən növbətçi olardıq. Ondan soruşanda niyə müəllimlərdən istifadə etmirsən? Deyərdi ki, məni müəllimlər dekan seçib, onlar məni qoruduğu kimi, mən də onları qorumalıyam.

Azadlıq uğrunda mücadiləyə qalxan xalqın gözünü qorxutmaqdan ötrü Moskva 20 Yanvar qırğınını törədərək cinayətə əl atdı. Onda Akif müəllimlə mən tələbələrimizi qorumaq üçün tez-tez auditoriyalara girib onların üzləşə biləcəkləri problemlərlə maraqlanırdıq. Lakin bir müəllimimiz - dosent Əliş Nəbili o qarışıq günlərdə  gülləyə tuş gəldi. Biz Akif müəllimlə "Kəndçilər" xəstəxanasında ona baş çəkdik. Həmin dövr Akif müəllimin necə həyəcanlı olduğunu, Əliş müəllimə necə təsəlli və  ürək-dirək verdiyini gördüm. Əliş müəllim haqq dünyasındadır. Allah ona rəhmət eləsin!

Bu da faktdır ki, Meydan hərəkatı zamanı tələbələrin bir qismi orada-tonqal başında, mitinqlərdə xalqla birgə olurdu. Bir hadisəni yada salmaq istəyirəm. Səhv etmirəmsə 1989-cu ilin sonu idi. Qız tələbələrdən biri "Azadlıq" meydanında odlu-alovlu çıxış etmiş, Qarabağ hadisələrinin alovlanmasında Kremli günahlandırmış, əlaqədar təşkilatları tənqid edərək, gecəni də orada mitinqçilərlə birgə qalmışdı. Nəzərə alsaq ki, SSRİ hələ dağılmamışdı, belə hadisələr nəzarətdən yayınmırdı. Odur ki, səhərisi gün müvafiq orqandan gələn nümayəndə tələbə ilə görüşmək istəyini bildirmişdi. Bunu da onun yataqxanadan odeyal aparmasıyla əlaqələndirməyə çalışırdı. İşin nə yerdə olduğunu başa düşən Akif müəllim müxtəlif bəhanələr gətirərək bu görüşün  qarşısını aldı və tələbəni qorudu. Həmin tələbə isə bu gün dövlət qəzetlərindən birinin əməkdaşı kimi parlament müxbiridir.

1990-cı illərin əvvəli YUNESKO-nun fakültəmizə hədiyyə etdiyi tədris teleradio studiyası da Akif müəllimin səyi nəticəsində başa gəlib.

Müstəqilliyimizin ilk illəri idi. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi fakültəyə gəlmişdi. O, dekan, universitet rəhbərliyinin nümayəndəsi ilə birgə tələbələrlə görüşdü. Mən də onların arasında idim. Onlarla qısa tanışlıqdan sonra qonaq belə bir sual verdi: "Necə bilirsiniz Azərbaycanda mətbuat azaddırmı?" Tələbələrdən bir neçəsi əlini qaldırmadı. Dəhlizdə rəhbərlikdən gələn Akif müəllimdən sakitcə soruşdu ki, o tələbələr niyə əllərini qaldırmadı, məgər mətbuat azad deyil? Onda Akif müəllim belə cavab verdi. Müstəqil mətbuatın, söz azadlığının mövcudluğu demokratiyanın əsas tələblərindən biridir. Sovet şinelindən yenicə çıxmışıq, demokratiyanın bərqərar olmasına hələ var, tələsməyin o günləri də görəcəyik.

Xalqımıza qarşı düşmənçilik mövqeyində olan erməni millətçilərinin təcavüzü çoxları kimi Akif müəllimi də narahat edir. Elə hey bu barədə düşünür, torpaqlarımızın geri qayıdacağı günü səbirsizliklə gözləyir. Yaxşı yadımdadır Ukraynanın Lvov şəhərində Müstəqil Dövlətlər Birliyi ölkələrinin Jurnalistika fakültəsi dekanlarının konfransına gedəndə o, çoxlu sayda rus dilində nəşr olunmuş "Qara yanvar", "İki il uzanan müharibə" kitablarını təbliğat məqsədiylə aparmışdı.  Konfransdan sonra o uzun müddət  iştirakçıların kitablara necə maraq göstərdiyini vurğulayır, bu istiqamətdə müəyyən iş görməsini məmnuniyyətlə xatırlayırdı. Yalnız Tacikistandan gələn nümayəndənin isə adı gedən kitablarla maraqlanmamasını da təəssüflə vurğulayırdı.

Təbiətcə sakit olan Akif müəllim bir xeyirxah insan kimi elədiyi yaxşılığı heç vaxt üzə vurmur. O, bu illər ərzində neçə-neçə tələbəni xaric olunmaqdan xilas etmiş, haqsızlığa yol verməmişdir. Fakültəni bitirən tələbələr çox yaxşı bilir ki, Akif müəllim öz yaxşılığını əməlində sübuta yetirir.

Akif müəllim sadə olduğu qədər də sərt də ola bilir. Az da olsa belə halların da şahidi olmuşam.

Keçən əsrin doxsanıncı illərinin əvvəllərində olmuş bir hadisəni heç cürə unuda bilmirəm. Rektorluğun iclasında o vaxtkı rektor iyirmi-otuz adamın içində Akif müəllimi ayağa qaldırıb demişdi ki, Nəsir İmanquliyevlə Seyfulla Əliyev yaşlanıb onların təqaüdə getmələri barədə sabah gələndə təqdimat gətir. Akif müəllim bu yersiz tapşırıqdan bir müddət stress keçirdi. Təqdimat yazmadı, vəziyyət bir qədər də gərginləşəndə dekan vəzifəsindən getməsi barədə öz ərizəsini yazdı və rektora qətiyyətlə bildirdi: Onların hər ikisi müəllimim olub, belə bir təqdimat yaza bilmərəm. Akif müəllim axıra kimi dediyinin üstündə durdu, təqdimat yazmadı. Bu barədə Akif müəllim 20 ilə yaxın susub, faktın hallanmasını istəməyib. Yalnız 2009-cu ildə 70 yaşı olanda "Azərbaycan" qəzeti hadisəni yada salıb. Ümumiyyətlə, respublikanın bir sıra qəzetlərində bu barədə yazılar verilib. Onu deyə bilərəm ki, həmin dövr Akif müəllim kişi kimi hərəkət etdi, sözünü qətiyyətlə deyib ona dərs deyən müəllimlərin üzünə ağ olmadı.

Mən Akif müəllimin dekan vəzifəsindəki fəaliyyəti barədə söz açdım. Bir neçə kəlmə də onun pedaqoji, elmi və bədii yaradıcılığı haqqında demək istəyirəm. Hazırda Akif müəllim jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir. O tələbələrə "Jurnalistikaya giriş", "KİV-in hüquqi tənzimlənməsi", "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" fənlərini tədris edir. Eyni zamanda Akif  müəllim bir neçə dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Onun "Dünya jurnalistika tarixi", "Jurnalistikanın əsasları", 2 cildlik "Jurnalistika" adlı kitablarından Jurnalistika fakültələrinin tələbələri bu gün də dərs vəsaiti kimi istifadə edirlər. Hazırda Akif müəllim "Azərbaycanda informasiya təhlükəsizliyi və mətbuat" adlı kitabı üzərində işləyir.

Onun "Ordan-burdan" rubrikası altında "Filankəs" imzası ilə mətbuatda 30-a yaxın yumoristik yazıları da dərc olunaraq geniş oxucu kütləsinin marağına səbəb olmuşdu. Bu yazılar  bədii publisistik yazılardır.

Təkcə "demokrat dekan" imici yox, həm də ümumtələbə sevgisi qazanmış Akif müəllim barədə "Ədalət" qəzetində çalışan tələbələrin 15 il əvvəl yazdığı təbriki bir daha yada salmaq istəyirəm: "Akif müəllim öz insanlığı ilə seçilir, tələbələrə atalıq qayğısı ilə seçilir, jurnalist adını yüksək tutmaqla seçilir və ən əsası demokratikliyi ilə seçilir. O, dekan vəzifəsindən getsə də, bizim üçün həmişə mənəvi dekandır və dekan da olaraq qalacaq". Bəli, o, adını jurnalist tələbələrin yaddaşında yaşadır. Bu gün də keçmiş məzunlar fakültəyə gəldikdə ilk soruşduqları müəllimlərdən biri də Akif müəllim olur. Bütün məzunlar onun gözəl pedaqoq və yaxşı insan kimi xatırlayırlar.

Dekabrın 19-u Akif Rüstəmovun doğum günüdür, 75 yaşı tamam olur. Əzizim Akif müəllim, Sizi bu yubiley ilində ürəkdən təbrik edir, insan üçün ən gözəl nemət olan cansağlığı və yaradıcılıq uğurları arzulayıram.

Ulu Tanrı yardımçınız olsun!


Əli Hacıyev 
BDU-nun Jurnalistika fakültəsinin dekan müavini, baş müəllim