Neapol Hava Limanındakı radar nasazlığı 45 reysin ləğv olunmasına səbəb olub

Tarix: 22:04 09.06.2025
İtaliyada hava hərəkətinə cavabdeh olan ENAV təşkilatının yazılı açıqlamasında bildirilir:
“ENAV, Neapol Kapodiçino Hava Limanında hava limanının yaxınlaşma sahəsinə cavabdeh olan radar sistemində yaranmış mexaniki nasazlıq səbəbilə daxil olan uçuşların sayının müvəqqəti olaraq azaldıldığını bildirir. Bu qərar tamamilə qabaqlayıcı tədbir kimi qəbul olunmuş və təhlükəsizlik standartlarının qorunması məqsədilə zəruri hesab edilmişdir”.
Açıqlamada həmçinin qeyd olunub ki, ENAV hava limanının mümkün qədər qısa müddətdə tam əməliyyat qabiliyyətinə qayıtması üçün bütün resurslarını səfərbər edib.
İtaliyanın ANSA agentliyinin xəbərinə görə, hava limanındakı radar sistemindəki mexaniki nasazlıq səbəbilə 20 gəliş və 25 gediş olmaqla ümumilikdə 45 reys ləğv edilib və digər reyslərdə də gecikmələr müşahidə olunub.
Mətbuatda yayılan digər xəbərlərdə isə qeyd olunur ki, Neapol Kapodiçino Hava Limanında gecikmələr 4 saata qədər çata bilir, ENAV-ın texniki heyəti isə nasazlığın səbəbini müəyyən edərək problemi aradan qaldırmağa çalışır.
TRT Xəbər
Xəlilli Nigar