Azərbaycan-Əfqanıstan münasibətləri

Tarix: 22:24 29.04.2025
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərində “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.
Mövzu ilə əlaqədar politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən “Əfqanıstan regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans mühüm əhəmiyyət kəsb edir:
"Əvvəlcə onu qeyd etmək lazımdır ki, belə konfransların ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik gündəmində artan rolunu bariz şəkildə sübut edir. Belə ki, iyirmi ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən kifayət qədər önəmli təhlükəsizlik tədbirinə Azərbaycanın ev sahibliyi etməsi onun beynəlxalq təhlükəsizlik arxitekturasında etibarlı tərəfdaş olduğunu təsdiq edən mühüm amildir. Bu tədbir həmçinin Azərbaycanın çoxtərəfli təhlükəsizlik əməkdaşlığına açıq olduğunu və təhlükəsizlik məsələlərində təşəbbüskar aktor kimi çıxış etdiyini nümayiş etdirir. Nəticə etibarilə, Azərbaycan regionun digər dövlətləri ilə münasibətlərdə söz sahibi olduğunu bir daha təsdiq etmiş oldu. Təbii ki, Azərbaycanın bu addımları regionda maraqlı tərəf qismində çıxış edən Qərb dövlətləri tərəfindən birmənalı qarşılanmaya bilər. Amma onların mövqeyindən asılı olmayaraq, belə addımlar Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya prosesinin və balanslı xarici siyasətin təzahürləri olaraq mühüm əhəmiyyət kəsb edir”.
Asiman Vəliyeva