Azərbaycan və Səudiyyə Ərəbistanı əməkdaşlığı genişlənir

Tarix: 22:53 29.04.2025
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əczaçılıq və dənizçilik üzrə sənədlər imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə Azərbaycanın "Parla Pharmaceuticals" və Səudiyyə Ərəbistanının "National Development Group Holding"i arasında əczaçılıq sahəsində Anlaşma Memorandumu, "ADO-G" (Azərbaycan) və "SMI/BLUE MASAR" (Səudiyyə Ərəbistanı) arasında isə dənizçilik infrastrukturu üzrə razılaşma sənədi imzalanıb.
Məsələ ilə bağlı politoloq Oqtay İsmayılovun “İnformator.az”a verdiyi açıqlamaya görə, Səudiyyə Ərəbistanı ilə imzalanan bu sənədlər inkişafa müsbət yöndə təsir edəcək:
“Azərbaycanla Səudiyyə Ərəbistanı arasında imzalanan sənədlər, əlbəttə ki, ikitərəfli münasibətlərin inkişafı baxımından önəmli sənədlərdir. Belə ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlər davamlı və yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər çoxtərəfli istiqamətlər üzrə inkişaf edir. Xüsusilə də yaşıl enerji istehsalı sahəsində tərəflər arasında olduqca ciddi əməkdaşlıq formatları mövcuddur. Yüksək səviyyəli səfərlər və davamlı dialoq bu münasibətləri daha da inkişaf etdirir.
Son imzalanan əczaçılıqla bağlı sənəd də mühüm bir sənəddir. Azərbaycanda son illər əczaçılıq sənayesinin inkişafı və istehsal sahələrinin yaradılmasına xüsusilə diqqət yetirilir. Dünyanın inkişaf etmiş ölkələri ilə bu istiqamətdə əməkdaşlıq formatları mövcuddur”.
Fatimə Şahverdiyeva