Tramp növbəti prezidentlik uğrunda erkən mübarizəyə başlayıb -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:41 29.04.2025

 

 

 

ABŞ-nın sabiq prezidenti Donald Tramp növbəti prezidentlik seçkiləri üçün mübarizəyə indidən başlayıb. Ekspertlər bildirirlər ki, onun bu addımı qeyri-adi hesab olunmur, çünki bir çox siyasətçilər hakimiyyətə gəldikləri gündən növbəti seçkiləri düşünməyə başlayırlar.

 

Siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, siyasətçilər təkcə seçki kampaniyası dövründə deyil, hakimiyyətə gəldikləri vaxtdan etibarən növbəti seçkilər uğrunda mübarizəyə qoşulurlar:

 

"Tramp üçün də bu istisna deyil. O artıq bu gün hakimiyyətdədir və bir çox siyasətçilər kimi növbəti dövrü hədəfləyir. Bunun üçün ortaya iş qoyur. Digər dövlətlərdə siyasətçi birinci dəfə hakimiyyətdədirsə, ikinci dəfə də seçilə bilir. Çünki imkanları daha çox olur, özünü tanıtmaq və təqdim etmək imkanı yaranır. Bu, Tramp üçün də keçərlidir".

 

Analitik qeyd edib ki, Tramp rəqibləri fəaliyyətə başlamadan ictimai rəyi formalaşdırmağa çalışır:

 

"Tramp nə qədər ki, rəqibləri fəaliyyətə başlamayıb, seçki kampaniyası aktivləşməyib, indidən ictimai şüurun rəyini qazanmağa çalışmalıdır. Bu qeyri-adi deyil. Amma indidən Trampın növbəti seçkilərdə qazanmasını proqnozlaşdırmaq çətindir. Ona görə ki, onun haqqında indidən mənfi fikirlər formalaşır. İctimaiyyətdə, həm ABŞ daxilində iqtidarının siyasətinə etiraz olaraq aksiyalar keçirilir. Avropa və ABŞ arasında münasibətlər gərginləşir. Təbii ki, proseslərin bundan sonrakı inkişafı ABŞ-nin daxili və xarici siyasətindən asılı olacaq".

 

Digər analitik  Həşim Səhrablı da "İnformator.az"a  açıqlamasında Donald Trampın indiki fəaliyyətini seçkiyə hazırlıq kimi qiymətləndirib:

 

"Trampın bu gün atdığı addımlar gələcək prezidentlik seçkilərinə hazırlıq xarakteri daşıyır. O, bu məqsədlə həm yerli, həm də beynəlxalq medianı tez-tez istifadə edir, ictimai rəyin yönləndirilməsinə çalışır. Bu prosesdə populist ritorika və emosional çıxışlar onun əsas alətidir".

 

Həşim Səhrablının sözlərinə görə, Tramp yenidən güclü və aktiv siyasi fiqur kimi görünməyə çalışır:

 

"Onun üçün əsas məsələ gündəmdə qalmaq və seçicilərin diqqətini daim cəlb etməkdir. ABŞ-da belə erkən strategiyalar tez-tez müşahidə olunur".

 

Analitiklər hesab edirlər ki, qarşıdan gələn seçkilərdə Trampın şansı əsasən onun indiki fəaliyyətləri və ABŞ-ın daxili-iqtisadi vəziyyəti ilə bağlı olacaq.


Səmayə Səftərova