26 illik şücaət salnaməsi-Xüsusi Təyinatlı Qüvvələr

Bölmə: Siyasət › ,
Tarix: 00:45 30.04.2025

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin ən güclü və etibarlı dayaqlarından biri olan Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 26 ili tamam olur. Bu tarix sadəcə bir hərbi birliyin yaşı deyil – bu, bir millətin şərəf, rəşadət və mübarizə tarixidir.

 

Xüsusi Təyinatlı Qüvvələr (XTQ) 1999-cu ildə, ölkəmizin çətin və məsuliyyətli bir dövründə formalaşdırıldı. Qısa müddətdə yüksək peşəkarlıqla seçilən bu qüvvələr həm hazırlıq səviyyəsi, həm də döyüş ruhu baxımından ordumuzun elit bir hissəsinə çevrildi. XTQ-nin əsgərləri bu illər ərzində təkcə sərhədlərimizi qorumaqla deyil, eyni zamanda dövlətimizin suverenliyinin və xalqımızın təhlükəsizliyinin təminində mühüm rol oynayıblar.

 

Ən böyük qəhrəmanlıq səhifələrindən biri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində yazıldı. Xüsusi Təyinatlı Qüvvələr düşmənin ən güclü mövqelərinə daxil olaraq, strateji yüksəkliklərin azad edilməsində aparıcı rol oynadılar. Onların peşəkarlığı və cəsarəti dünya hərb tarixində də nümunə göstərilə biləcək səviyyədə idi. Xüsusilə Şuşa əməliyyatında göstərilən qəhrəmanlıq hər bir azərbaycanlının yaddaşına həkk olunub. Bu gün də xalqımızın dilində dolaşan “Şuşaya yol açanlar” ifadəsi XTQ-nin tarixdəki yerini öz dəqiqliyi ilə ifadə edir.

 

26 illik tarix, təkcə uğurlar deyil, həm də şəhidlik zirvəsinə ucalan qəhrəmanların da tarixidir. Bu yazını yazarkən onların ruhuna baş əyir, ailələrinə dərin ehtiramımızı bildiririk.

 

Bu gün XTQ təkcə döyüş meydanında deyil, həm də gənclər üçün bir nümunə, bir idealdır. Onlar sübut etdilər ki, Vətən sevgisi və yüksək peşəkarlıq birləşəndə qarşısında heç bir güc dayana bilməz.

 

Səkinəbəyim Cəfərova