Azərbaycanın qeyri-neft ixracında artım müşahidə olunur-Yeni bazarlar və yerli istehsal ön plandadır

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:56 02.05.2025

2025-ci ilin əvvəlindən etibarən Azərbaycanda qeyri-neft sektorunun ixracında artım tendensiyası müşahidə olunur. Ölkənin yeni bazarlara çıxışı, məhsul çeşidinin genişlənməsi və ixrac yönümlü siyasətin gücləndirilməsi bu sahədə dinamikanın yüksəlməsinə səbəb olub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Natiq Cəfərli bildirib ki, artımın davamlı olması üçün ilk növbədə yerli istehsalın həcmi artırılmalıdır:

 

“Azərbaycanda qeyri-neft sektorunun ixracatının artması üçün ilk növbədə yerli istehsal güclənməlidir. Yerli istehsal artdıqdan sonra yeni bazarlara çıxış imkanları daha real və davamlı olar. İxrac istiqamətlərimiz arasında kənd təsərrüfatı məhsulları üzrə əsas bazar Rusiyadır. Digər qeyri-neft sahələri üzrə isə məhsullarımız dünyanın onlarla ölkəsinə ixrac olunur, amma bu ixrac həcmi böyük deyil. Hazırda Çin bazarının açılması məsələsi gündəmdədir. Azərbaycanla Çin arasında imzalanan yeni müqavilələr bu istiqamətdə irəliləyiş vəd edir. Bundan əlavə, Hindistan və Pakistan bazarları da qeyri-neft məhsullarımız üçün yeni imkanlar yarada bilər".

 

Ekspert ixracın genişlənməsi üçün yeni dəstək və təşviq mexanizmlərinə ehtiyac olduğu da bildirilir:

 

“Kiçik və orta sahibkarlara daha çox dəstək göstərilməlidir. Onlara vergi və gömrük güzəştləri tətbiq olunmalı, kreditlərə çıxış imkanları genişləndirilməlidir ki, onlar həm istehsal, həm də ixrac imkanlarını artırmağı bacarsınlar".


Selcan Əhmədli