Müəllimlərin peşəkar inkişafına dəstək, yoxsa TikTok-un reklamı?

Bölmə: Sosial › ,
Tarix: 22:13 05.05.2025

TikTok, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. İlk dəfə keçirilən bu müsabiqədə məktəb, universitet, orta ixtisas və peşə təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər.

 

5 may – 1 iyun tarixlərində keçiriləcək müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənn üzrə maarifləndirici videolar hazırlayıb TikTok-da #AzərbaycanMüəllimləri həştəqi ilə paylaşmalıdırlar. Videonun müddəti minimum 30 saniyə olmalıdır. Ən çox baxış sayı toplayan üç qalib iPhone 16 Pro smartfonu ilə mükafatlandırılacaq.

 

Bu təşəbbüs müəllimlərə qısa video formatında biliklərini geniş auditoriyaya çatdırmaq imkanı yaradır.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az"a açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyinə aid hər hansı bir müsabiqənin sosial şəbəkələrdə paylaşılması günün reallığı olsa da, bunun məhz TikTok platforması üzərindən edilməsi olduqca yanlışdır:

 

"Çünki bu, öz-özlüyündə TikTok sosial şəbəkəsinin reklamıdır.

Adətən bu tip müsabiqələrdə videonun daha çox yayılması üçün nəinki müəllimlər, hətta bəzi direktorlar da israr edirlər. Müəllimlərdən tələb olunur ki, sosial şəbəkəyə daxil olub videonu bəyənərək, ekran görüntüsünü göndərsinlər. Bu proses eyni qaydada şagirdlər arasında da aparılır.

 

Nəticədə şagirdlərin əksəriyyətinin sosial şəbəkəyə daxil olması qaçılmaz olur. TikTok-da müəyyən filtrlərin olmaması bu platformanın faydasından daha çox zərərini ortaya qoyur – xüsusilə də gənclərin mənəvi aşınması baxımından.

 

Müəllimlərin öz fəaliyyətlərini və dərs metodlarını işıqlandırmaları müəyyən pedaqoji təcrübəni öyrənmək üçün çox yaxşıdır. Amma digər tərəfdən, müəllimlərin əksəriyyətinin bu sosial çarxları canlı, davamlı və praktik olmur.

 

Onlar hansısa dərs metodlarını sadəcə vizual şəkildə çəkib paylaşırlar. Lakin reallıqda çox az müəllim bu metodları tətbiq edir".

 

Nigar Həsənzadə