HƏMAS atəşkəs təklifini qəbul edib!

Bölmə: Dünya › ,
Tarix: 16:24 10.07.2025

HƏMAS rəsmisi Tahir əl-Nunu ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim olunan Qəzzada 60 günlük atəşkəs təklifini qəbul etdiklərini və 10 əsiri azad etməyə hazır olduqlarını bildirib. Digər tərəfdən, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, Qəzzada razılaşma ehtimalının “qəti olmamaqla yanaşı, çox yüksək” olduğunu deyib.

 

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən törətdiyi qətliamları davam etdirdiyi və 57 min 575 fələstinlinin həyatını itirdiyi Qəzza zolağında atəşkəs danışıqlarında yeni bir inkişaf baş verib.

 

Əl-Nunu bildirib ki, HƏMAS Qəzza zolağına təcili ehtiyac duyulan humanitar yardımların fasiləsiz şəkildə çatdırılmasını təmin etmək və İsrailin hücumlarını dayandırmaq məqsədilə 10 əsiri azad etməyə hazırdır. HƏMAS rəsmisi əlavə edib: “Xalqımızı qorumaq, soyqırımı dayandırmaq və müharibə tamamilə başa çatanadək yardımların sərbəst və ləyaqətli şəkildə daxil olmasına imkan yaratmaq üçün zəruri çevikliyi göstərmişik".

 

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 57 min 575 fələstinli həyatını itirib, 136 min 879 nəfər isə yaralanıb. İsrailin 18 martda atəşkəsi pozmasından sonra Qəzzaya həyata keçirdiyi hücumlarda isə 7 min 13 nəfər ölüb, 24 min 838 nəfər yaralanıb.

 

İsrail ordusu Qəzza zolağında işğalı genişləndirəcək və onu daimi hala gətirəcək hücum planını həyata keçirməyə başlayıb. Baş nazir Benyamin Netanyahu Qəzza zolağının tamamilə işğal ediləcəyini bəyan edib.

 

Haberler.com

Aygün Babayeva