Tramp: “Çin üçün gömrük rüsumlarını azalda bilərik”

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:59 06.05.2025

ABŞ Prezidenti Donald Tramp müəyyən mərhələdə Çinə qarşı tətbiq edilən idxal rüsumlarını azalda biləcəyini bildirib. O qeyd edib ki, bu addım atılmasa, Vaşinqtonla Pekin arasında normal biznes əlaqələri mümkün olmayacaq.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “İnformator.az”a açıqlamasında qeyd edib ki, Donald Tramp demək olar ki, impulsiv qərarlar verən siyasətçidir. O, ani qərarlar qəbul etməyi və kəskin dönüşlər etməyi sevən biridir:

 

"Amma məsələ ondadır ki, Amerika kimi böyük bir dövləti hisslərlə, kəskin dönüşlərlə, heç kimlə məsləhətləşmədən və ümumi rəy formalaşdırmadan idarə etmək düzgün deyil. Bu, ABŞ-nin siyasi, iqtisadi və mədəni ənənələrinə ziddir.

 

Düşünürəm ki, xarici məhsullara rüsum tətbiq edilməsi ABŞ iqtisadiyyatı üçün vacibdir. Lakin bunu Tramp kimi düşünmədən etmək, məsələn, ABŞ-nin daxili bazarının 60-70 faizini təmin edən Çinə birdən-birə 34 faiz rüsum qoymaq ağılsızlıqdır. Bu, ölkə daxilində məhsul çatışmazlığına və ciddi sosial narazılığa səbəb ola bilər.

 

Trampın prezidentliyinin ilk 100 günü ərzində reytinqinin 10 faiz aşağı düşməsi və bununla da tarixi rekord qırması birbaşa bu qərarla bağlıdır. Tramp artıq öz səhvini başa düşür, lakin həmin qərarı verdiyi qədər sürətlə geri çəkilə bilmir. O, dərhal səhvlərini etiraf etməyi bacarmır, çünki özünə vurğun biridir. Səhvləri o qədər çoxdur ki, hamısını etiraf etsə, istefa verməli olar. Bu isə real görünmür".

 

Müsahibimizin sözlərinə görə, dünyanın iqtisadi nəhəngi Çindir:

 

“Çinə səfər etdiyini bildirməklə və müəyyən güzəştlərə getməklə Tramp rüsumlarla bağlı verdiyi sərt qərarları yumşaltmağa başlayıb. Bu qərarlar təkcə Çinə deyil, digər ölkələrə qarşı da yüngülləşdirilir.

 

Siyasi baxımdan Amerika Çindən öndə ola bilər. Geopolitik proseslərə ABŞ daha çox təsir və nəzarət edir. Amma iqtisadi baxımdan dünyanın aparıcı gücü Çindir. Çin, ABŞ dövlət büdcəsinin maliyyələşməsində və daxili bazarın təminatında mühüm rola malikdir.

 

Ona görə də hesab edirəm ki, ABŞ Çinlə hesablaşmasa, onun gələcəyi ciddi təhlükə altına düşə bilər. Hətta bu, ABŞ dövlətinin dağılmasına belə gətirib çıxara bilər. Bunu amerikalılar da anlayırlar və artıq Trampa da izah ediblər. Tramp nə qədər kəskin və impulsiv qərarlar versə də, ölkəni təkbaşına idarə etmir – Konqres və “dərin dövlət” də mövcuddur.

 

Nəticə etibarilə bu proses ümumi bir kompromisə doğru aparılacaq. Sadəcə olaraq, Tramp xarici ölkələrə rüsum tətbiq etmək ideyasını düşünmədən həyata keçirdi. Bu səbəbdən də bir sıra problemlər yarandı. Tramp istəyir ki, onun verdiyi qərarlar hər kəsi təəccübləndirsin.

 

Ona görə də Tramp indi yavaş-yavaş səhvlərini düzəltməyə başlayır.

 

Hesab edirəm ki, Çinlə ABŞ nə qədər yaxınlaşsa da, iqtisadi baxımdan rəqib olaraq qalacaqlar. Bu səbəbdən onların arasında tam yaxınlıq mümkün deyil. Amma hər halda bu gərginlik zamanla azalacaq".

 

Səyyarə Mirzəyeva