Prezident Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

Tarix: 15:38 30.05.2025
Prezident İlham Əliyev Almaniya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli bir görüş keçirib. O, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edərək, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib. Görüş zamanı qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Almaniya arasında ticarət əlaqələri inkişaf edib:
"Ümumiyyətlə, Almaniya həmişə ticarət dövriyyəmiz üzrə ilk onluqda yer alıb. Bu ilin ilk aylarına baxdıqda, Almaniya ilə ticarətimiz 6-cı yerdə qərarlaşıb. Bəs biz Almaniyaya əsasən nə ixrac edirik? Almaniyaya əsasən neft ixrac olunur. Qeyri-neft sektorunda isə Almaniyaya ixracımız ümumi ixracın 1,5 faizini təşkil edir. Lakin bu 1,5 faiz göstəricisi qeyri-neft ixracında çox böyük rəqəm sayılmır. Təqribən 1 milyard dollarlıq ixracdan söhbət gedirsə, bu, cəmi 15–20 milyon dollar civarında olur. Təəssüf ki, qeyri-neft ixracımızda Almaniya hələ də mühüm paya malik deyil. Yəni biz hələ də qeyri-neft sektoruna aid məhsullarımızı Almaniyaya ixrac edə bilmirik. Burada əsas günahkar Almaniya deyil. Ümumilikdə, bizim qeyri-neft ixracımız aşağı səviyyədədir. İdxalda isə Almaniya mühüm rol oynayır. Hazırda ümumi idxalımız üzrə Almaniya ilk onluqda yer alır. Ümumi idxalın 4,3 faizi Almaniyanın payına düşür və bu ölkə 6–7-ci yerlərdə qərarlaşır. Yəni, Almaniya həm ixrac, həm də idxalda mühüm rol oynayır. Bildiyiniz kimi, texnika, məişət avadanlıqları, maşınlar, avtomobillər və digər sahələrdə Alman malları geniş şəkildə istifadə olunur. Ümumilikdə, Azərbaycanda investisiya fəaliyyəti göstərən Alman şirkətləri də mövcuddur. Hazırda təqribən 150-yə yaxın Alman şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir. Enerji sahəsində də Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq var".
Ekspert həmçinin bildirib ki, əməkdaşlığın daha da inkişaf etməsi üçün böyük potensial mövcuddur:
"Çünki Almaniya Avropa Birliyinin əsas ölkəsi və iqtisadi mərkəzidir. İqtisadi baxımdan Almaniya Avropanın birinci ölkəsidir və böyük imkanlara malikdir. Hazırda imzalanan sənəd AZPROMO ilə bağlıdır. AZPROMO-nun fəaliyyəti Azərbaycan Respublikasının ixracını və investisiyalarını təşviq etməkdir. Bu istiqamətdə Alman İqtisadiyyatının Şərq Komitəsi ilə memorandum imzalanıb. Bu sənəd investisiyaların cəlb edilməsi, həm də Azərbaycan məhsullarının Almaniya bazarına çıxarılması ilə bağlı AZPROMO ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu, ölkəmizin maraqlarına tam uyğundur. Mövcud əlaqələrə baxmayaraq, əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Məhz buna görə də Komitə sədrinin görüşünü Prezident İlham Əliyev özü qəbul edib. Bu da əlaqələrin inkişafına verilən xüsusi əhəmiyyəti göstərir".
Gülhüseynova Güllər