Avropa Birliyi və Çin arasında münasibətlər yenidən qurulur

Bölmə: Dünya › ,
Tarix: 22:29 07.05.2025

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antoniu Koşta Çin Xalq Respublikasının sədri Si Cinpin və Baş nazir Li Tsyan ilə 50 illik diplomatik münasibətləri qeyd edərək qarşılıqlı təbrik mesajları mübadiləsi aparıblar.

 

Bu açıqlamalar qlobal qeyri-müəyyənlik və geosiyasi dəyişikliklər fonunda tərəflərin birgə əməkdaşlığa və BMT Nizamnaməsinin prinsiplərini qorumağa hazır olduqlarını vurğulayıb. Avropa tərəfi bildirib ki, Çinlə ədalət və qarşılıqlılıq üzərində qurulan balanslı münasibətlər hər iki tərəfin maraqlarına xidmət edir. Çin tərəfinin açıqlamasında münasibətlərin gələcəyi ilə bağlı daha nikbin və ətraflı mesajlar yer alıb: “Sabit və sağlam Çin-AB münasibətləri təkcə tərəflərə deyil, bütün dünyaya fayda gətirə bilər”. Bu yanaşma, fon der Lyayenin ilk prezidentlik müddətində Çinə qarşı sərt münasibəti ilə ziddiyyət təşkil edir. 2023-cü ildə etdiyi çıxışda o, Çin Kommunist Partiyasını beynəlxalq nizamı dəyişdirməkdə ittiham edib. Hətta 2024-cü ildə ikinci müddətə namizədliyini irəli sürərkən də bu sərt mövqeyi davam etdirəcəyini bildirib. Lakin Donald Trampın ABŞ prezidentliyinə qayıdışı ilə Avropanın geosiyasi hesablamaları dəyişib.

 

Trampın gömrük tarifləri və digər sərt iqtisadi tədbirləri AB-ni Çinlə münasibətlərini yenidən gözdən keçirməyə vadar edib. Bu, tərəflərin münasibətləri yenidən canlandırmağa hazır olduqları təəssüratını yaradıb. Fon der Lyayen və Si Cinpinin iyulun ortalarında görüşməsi planlaşdırılır. Bununla belə, bu münasibətlərin yaxşılaşdırılması addımları həssas bir dövrdə baş verir. Si Cinpin 9 may Qələbə Günündə keçiriləcək hərbi parad üçün Moskvaya səfər edib və Vladimir Putin onu “əsas qonaq” adlandırıb. Brüssel bu tədbiri təbliğat xarakterli hesab edir. Avropa Komissiyasının sözçüsü Paola Pinyonun bildirdiyinə görə, Çin-Rusiya tərəfdaşlığı "konstruktiv element deyil", lakin AB yenə də Çinlə iqlim dəyişikliyi və beynəlxalq ticarət kimi sahələrdə əməkdaşlıq edə bilər. Pinyonun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin Ukraynadakı müharibəni bitirmək istəyirsə, burada rolu ola bilər. Lakin Çin və AB münasibətlərində gərginlik yaradan təkcə Moskva ilə əlaqələr deyil. Çin məhsullarının ucuz qiymətlərlə Avropaya axını, dövlət subsidiyaları, Çin bazarına qeyri-bərabər giriş imkanları, insan hüquqları pozuntuları, Tayvan boğazındakı gərginlik, Uyğur türklərinə qarşı repressiyalar, kiberhücumlar və dezinformasiya kampaniyaları da narahatlıq doğurur. Bu məsələlərin hamısının iyulda keçiriləcək AB-Çin sammitində əsas mövzu olacağı gözlənilir. Buna baxmayaraq, tərəflər münasibətləri düzəltmək üçün addımlar atırlar: Brüssel Çin istehsalı olan elektrikli nəqliyyat vasitələri ilə bağlı danışıqları bərpa etməyə razılaşıb, Pekin isə 2021-ci ildə sanksiya tətbiq etdiyi beş Avropa Parlament üzvünə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

 

Evronews
Billurə Quliyeva