İran prezidenti ABŞ-yə şərt qoyub – Bundan əl çək...

Bölmə: Dünya › ,
Tarix: 21:17 19.05.2025

İran Prezidenti Məsud Pezeşkian Amerika tərəfi ilə razılığa gəlməyi mümkün hesab edir, lakin bir şərtlə ki, Vaşinqton Tehranı qorxutmaqdan əl çəksin. Bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşü zamanı deyib.

 

O, vurğulayıb ki, Tehran heç bir halda gücə tabe olmayacaq.

 

Bundan əvvəl İran XİN rəhbəri Abbas Arakçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da daxil olmaqla, ABŞ rəsmilərinin bəyanatlarına baxmayaraq, İranın uranı zənginləşdirməyə davam edəcəyini bildirib.

 

Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "İnformator.az"a açıqlamasında bildirib ki, İranın üzərinə götürdüyü nüvə öhdəliklərindən geri çəkilməsi real görünmür:

 

"Çünki bu, İranın nüvə silahı əldə etmək niyyətində olduğuna dair beynəlxalq ictimaiyyətdə şübhələri artırar və proqramında şübhəli məqamların olduğunu təsdiqləyər ki, bu da İran üçün əlavə problemlər yaradar. Bu baxımdan, Tehran hakimiyyətinin uranı zənginləşdirmək iddiası daha çox blöf olub, beynəlxalq ictimaiyyəti çəkindirmək taktikası kimi qiymətləndirilməlidir. ABŞ ilə birbaşa aparılmayan danışıqlarda, eləcə də Avropa üçlüyü (Böyük Britaniya, Almaniya, Fransa) ilə keçirilən görüşlərdə üstünlük əldə etmək cəhdidir.

 

Bununla yanaşı, İranın nüvə proqramı ilə bağlı fəaliyyəti və potensialı beynəlxalq ictimaiyyətə tam məlum deyil. Hətta Atom Enerjisi Beynəlxalq Agentliyinin hesabatlarında da şübhəli məqamların olması istisna edilmir. Buna görə də Tehran hakimiyyəti bu məsələ ilə bağlı bəyanatlarında blöf edir. İranın nüvə proqramını region dövlətlərinin maraqlarına zidd şəkildə gücləndirməsi ehtimalı aşağıdır, çünki bu halda Tehran ciddi təklənmə riski ilə üzləşər ki, bu da hakimiyyətin mövqeyini zəiflədər".

 

Siyasi şərhçi əlavə edib ki, Tehran hakimiyyəti bilir ki, onun nüvə proqramı region və qlobal səviyyədə heç bir hərbi münaqişə və ya hərbi xarakter daşımır:

 

"Yəni nüvə proqramı humanist xarakter daşıyır və bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir. Beynəlxalq ictimaiyyət isə İranın nüvə proqramını kütləvi qırğın silahları yaratmaq məqsədilə uranı zənginləşdirməsinə və nüvə başlıqları əldə etməsinə qarşıdır. Digər tərəfdən, tibbi, elmi və gündəlik istifadəyə yönəlik nüvə texnologiyasına sahib olması hələlik rədd edilmir.

 

İranın nüvə proqramını bağlaması ilə bağlı iddialar əsasən onun hərbi məqsədli nüvə proqramı həyata keçirməsi şübhələrindən irəli gəlir. Buna görə də beynəlxalq ictimaiyyət, xüsusilə Rusiya və ABŞ, proqramın bağlanmasını və onun tam şəffaf şəkildə nəzarət altına alınmasını tələb edir. Tehran hakimiyyətinin nüvə proqramı ilə bağlı regionda qarşıdurma yaratmaq cəhdi olsa belə, bu, onun ziyanına işləyə bilər.

 

Nəticə etibarilə, İranın ABŞ və beynəlxalq ictimaiyyətlə bu məsələ üzərində razılaşmaqdan başqa yolu yoxdur. Məsələn, ötən həftə İran ilə Avropa üçlüyünün Xarici İşlər Nazirinin müavini arasında keçirilən görüşləri Tehran məhsuldar qiymətləndirib. Bu, nüvə məsələsi ilə bağlı müəyyən razılaşmaların əldə olunduğunu göstərir. Qarşıdan gələn həftə Avropada İran və ABŞ təmsilçiləri arasında keçiriləcək dolayı görüşdə də bu razılaşmalar özünü göstərəcək".

 

Aytən Ağazadə