Fransa BMT məhkəməsində İrana qarşı iddia qaldırıb

Bölmə: Siyasət › ,
Tarix: 23:59 19.05.2025

Fransa İslam Respublikasında həbsdə olan iki vətəndaşının hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırıb.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a müsahibəsində bildirib ki, beynəlxalq ictimaiyyət İranda davamlı şəkildə insan hüquqlarının pozulması ilə bağlı məsələləri gündəmdə saxlayır və bununla bağlı müxtəlif ölkələrdə və beynəlxalq məhkəmələrdə də İranla bağlı bir çox məsələlərə baxılıb və qərarlar qəbul olunub:

 

“ Fransa vətəndaşlarının İranda həbsdə olması və onunla bağlı Fransanın atacağı addımlar, əlbəttə ki, bu, müəyyən qədər münasibətlərə təsir edir. Amma düşünmürəm ki, bu, İranla Fransa arasında fundamental şəkildə münasibətlərin gərginləşməsinə səbəb olacaq. Belə ki, Fransa və İran bir çox məsələlərdə ciddi əlaqələrə malikdir və nəzərə alsaq ki, İran inqilabının rəhbəri Xan Xomeyni də vaxtilə Fransada uzun müddət yaşayıb, sonradan məhz Fransa təyyarəsi ilə İrana gəlib və 2015-ci ildə İranla altılıq ölkələri arasında razılaşmadan sonra da İrana gələn beynəlxalq şirkətlər arasında fransız şirkətlərinin çoxluq təşkil etməsi və onlara xüsusi güzəştli şəraitlərin yaradılması da məhz iki ölkə arasındakı münasibətlərin səviyyəsindən xəbər verir. O baxımdan düşünmürəm ki, hansısa ciddi bir gərginlik olsun. İnsan haqlarının pozulması ilə bağlı məsələlərə gəldikdə, İranla müxtəlif ölkələr arasında zamanla bu məsələ ətrafında müəyyən gərginliklər olsa da, fundamental şəkildə münasibətlərə təsir etməyib”.

 

Asiman Vəliyeva