Rusiya və ABŞ “doqquza doqquz” formatı ilə yeni məhbus mübadiləsi üzərində işləyir

Tarix: 23:21 19.05.2025
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp telefon danışığında “doqquza doqquz” formatı ilə yeni əsir mübadiləsini müzakirə ediblər.
“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
"Bu, mühüm humanitar aksiyadır, son aylar ərzində artıq bir neçə belə aksiya keçirilib. Prezidentlər qeyd ediblər ki, hazırda "doqquza doqquz" formatında əsir mübadiləsi üzərində iş gedir", - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, iki ölkə liderləri arasında əsirlərin mübadiləsi ilə bağlı razılaşma hələ qışda tətbiq edilib. Belə ki, fevralın 13-də ABŞ-də kriptovalyuta birjasının idarə edilməsində iştirak etməkdə ittiham olunan Aleksandr Vinnik Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan Mark Vogelin müqabilində ölkəsinə qaytarılıb. Aprelin 10-da ABŞ-də Rusiya ordusunu elektronika ilə təmin etməkdə ittiham olunan Artur Petrov Rusiyada dövlətə xəyanətdə təqsirli bilinən Kseniya Karelina ilə dəyişdirilib.