"Tramp İsrail və Ukraynaya yardımda Amerikanı birinci yerə qoyur"

Bölmə: Dünya › ,
Tarix: 21:23 19.05.2025

ABŞ Prezidenti Donald Tramp İsrail və Ukraynaya yardım göstərmək məsələsində ilk növbədə Amerikanın milli maraqlarını əsas götürür.

 

Sky News xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

 

Levittə verilən suallardan biri bu olub: “Amerikalılar nə vaxtsa xarici münaqişələrin maliyyələşdirilməsinin dayandırılacağını gözləyə və bu, prezidentin məqsədlərindən biri hesab oluna bilərmi?”

 

Mətbuat katibi cavabında bildirib: “Düşünürəm ki, prezidentin xarici siyasət proqramını iki sözlə ifadə etmək olar: "Öncə Amerika". Bu, o deməkdir ki, Amerika xalqı və vergi ödəyiciləri hər zaman birinci yerdədir. Məhz buna görə də prezident bacardığı qədər sürətlə hərəkət edir və həm İsrail-Qəzza münaqişəsinə, həm də Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yorulmadan çalışır".

 

“O, bu münaqişələrin yalnız maliyyə vəsaitlərinə qənaət etmək üçün deyil, ən başlıcası, insanların həyatını xilas etmək naminə başa çatmasını istəyir",– deyə Levitt fikrini yekunlaşdırıb.

 

Mənbə : Caliber 

Aytən Ağazadə