Sançes İsrailin Avroviziyadan kənarlaşdırılmasını tələb edib

Bölmə: Dünya › ,
Tarix: 21:44 19.05.2025

İspaniyanın Baş naziri Pedro Sançes, İsrailin Avroviziya Mahnı Müsabiqəsindən kənarlaşdırılmasını tələb edib. O, Madriddə keçirilən bir mədəniyyət tədbirində çıxışı zamanı bildirib ki, mədəni tədbirlərdə ikili standartlara yer verilməməlidir:

 

"Üç il əvvəl Rusiyanın Ukraynanı işğal etməsi səbəbilə beynəlxalq yarışmalardan uzaqlaşdırılması heç kimi təəccübləndirməmişdi. İsrail üçün də bu belə olmalıdır. Mədəniyyətdə ikili standartlara icazə verə bilmərik", – deyə Sançes vurğulayıb.

 

O, həmçinin müharibə və bombardman altında yaşayan Ukrayna və Fələstin xalqları ilə həmrəy olduğunu bəyan edib.

 

İsrailin Avroviziyada iştirakı İspaniyada geniş ictimai və siyasi müzakirələrə səbəb olub. İspaniyanın ictimai yayım qurumu RTVE, Sumar partiyasının tələbi ilə Avropa Yayım Birliyinə (EBU) məktub göndərərək İsrailin yarışdan kənarlaşdırılmasını istəyib. Lakin bu müraciət EBU tərəfindən rədd edilib.

 

RTVE-nin şərhçiləri yarımfinal mərhələsində, "Qəzzada ölənlərin sayı 50 mini keçib, 15 mindən çoxu uşaqdır. Bu, sülh və insan haqlarına çağırışdır", – sözlərini səsləndiriblər. EBU isə bu sözlərin final mərhələsində təkrarlanacağı təqdirdə cəza tətbiq olunacağını bildirib.

 

Buna baxmayaraq, RTVE finaldan əvvəl sosial şəbəkələrdə “Sükut seçim deyil. Fələstin üçün sülh və ədalət”,- mesajını paylaşıb.

 

Hadisədən sonra sağçı Vox partiyası RTVE rəhbərinin istefasını tələb edib. Solçu IU və Podemos partiyaları isə Sançesin yalnız İsraili hədəf almasını balanssız mövqe kimi qiymətləndiriblər.

 

 

TRT Xəbər

Xəlilli Nigar