Rəsul Abbasovdan fransalı rəqibi üzərində parlaq qələbə

Tarix: 21:58 19.05.2025
"Bu turnirdəki çıxışım mənim üçün tam qənaətbəxş deyildi. Ən yüksək nəticəni də əldə etmək olardı, çünki məşqçimiz Ayaz Süleymanovun rəhbərliyi ilə kifayət qədər texniki və fiziki hazırlığımız var idi. Turnirdə fransız rəqib üzərində bürünc medal uğrunda qələbəmiz hazırki vəziyyətdə kifayət idi, amma istərdik ki, gələcəkdə daha yüksək nailiyyətlər əldə edək".
Bu sözləri peşəkar Braziliya Jiu-Jitsu idmançısı, "Grand Slam Jiu-Jitsu World Tour 2024-25" turniri iştirakçısı, Azərbaycan nəhəngi ləqəbli Rəsul Abbasov "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, bu formalı turnirlərdə iştirakımız gələcək turnirlərdə iştiraka həvəsləndirir:
“Gənclərimizə də, bu idman növü ilə məşğul olanlara da nümunə kimi göstərilir.
Jiu-Jitsu üzrə bu cür nailiyyətlər Azərbaycan gənclərini, idmançılarını sağlam həyata, idmanla məşğul olmağa stimullaşdırır. Mən məsləhət görərdim və məqsədəmüvafiq hesab edərdim ki, Ayaz Süleymanovun rəhbərliyi ilə bu formalı məşqlərə gəlsinlər, məşq edərək bu cür yarışlarda iştirak etsinlər”.
Müsahibin sözlərinə görə, belə məşqlər daha professional gənclərin yetişməsində böyük rol oynayır:
"Bu formada yetişən idmançının nailiyyətləri də çox olar. Mən bütün gənclərə, idmançılara uğurlar arzu edirəm. Azərbaycan dövlətini, dövlətçiliyimizi daim yüksəklərdə görmək istəyirəm və bunun üçün üzərimə düşən yükü qürurla yerinə yetirməyə hazıram da, çalışıram da. Bu cür uğurlar Azərbaycan ictimaiyyətində həm bu idman növünü tanıdır, həm də digərlərini də bu idmanla məşğul olmağa sövq edir".
Zəhra Möhübbətova