Böyük Britaniya Aİ ilə münasibətləri bərpa etməyə çalışır

Tarix: 22:12 19.05.2025
Böyük Britaniya və Avropa İttifaqı post-Brexit dövründə pozulan münasibətləri düzəltmək məqsədilə hərbi və ticarət sahələrində əməkdaşlığı gücləndirməyə yaxınlaşır. London müdafiə, ərzaq ticarəti və sərhəd yoxlamaları ilə bağlı yeni sazişlərin razılaşdırıldığını açıqlayıb. Bu addım Baş nazir Keir Starmerin Aİ liderlərini — Ursula fon der Leyen və Antonio Kostanı — ilk rəsmi zirvə üçün Londonda qəbul etməyə hazırlaşdığı ərəfədə atılıb.
Danışıqlar nəticəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində Britaniya Avropanın silahlanma proqramına çıxış imkanı əldə edəcək. Bu əməkdaşlıq NATO daxilində Trampın təsiri ilə yaranan qeyri-müəyyənlik fonunda xüsusi əhəmiyyət daşıyır. Avropa, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin fonunda təhlükəsizliyə daha çox önəm verir. Trampın Moskva ilə birbaşa danışıqlara üstünlük verməsi Brüssel və Londonun narahatlığını artırıb. Tərəflər arasında sazişlərə balıqçılıq hüquqları da daxildir. Britaniya Aİ gəmilərinə 12 il müddətində öz sularında balıqçılıq imkanı təqdim edib, eyni hüquqlar Britaniya gəmilərinə də tanınıb. Bundan əlavə, sənədləşmə və sərhəd yoxlamalarında sadələşməyə nail olunub ki, bu da kiçik ərzaq istehsalçılarının Avropaya çıxışını asanlaşdıracaq və yeni iş yerlərinin açılmasına töhfə verəcək. Razılaşma britaniyalı sərnişinlərə Aİ hava limanlarında elektron qapılardan daha sürətli keçid imkanı da yaradacaq. Baş nazir Starmer müxalifətdən gələn tənqidlərə baxmayaraq, bu sazişlərin ölkənin maraqlarına uyğun və praktiki yanaşma olduğunu bildirib. O, X-də paylaşım edərək “təhlükəsiz sərhədlər, daha ucuz qiymətlər, daha çox iş yeri” vəd edib.
Bəzi siyasi opponentlər, xüsusilə Mühafizəkarlar və Brexit tərəfdarları bu prosesi “təslim olma sammiti” kimi dəyərləndirib. Naycel Farage isə balıqçılıq məsələsində hökuməti “xəyanətdə” ittiham edib. Bununla belə, rəy sorğuları göstərir ki, vətəndaşların əhəmiyyətli hissəsi bu yaxınlaşmanı dəstəkləyir. Aİ ilə bu əməkdaşlıq ABŞ və Hindistanla imzalanan razılaşmalardan sonra baş verir. ABŞ ilə ticarət tariflərinin azaldılması, Hindistanla isə 2040-cı ilə qədər ticarətin 34 milyard dollara çatdırılması planlaşdırılır. Bu müqavilə avtomobil, alkoqol sənayesi və viza məsələlərini də əhatə edir.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə