Yuri Uşakov: Putin və Tramp Ukrayna üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər

Tarix: 22:39 19.05.2025
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin bütün məsələlərdə, o cümlədən Ukrayna üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.
“İnformator.az” xəbər verir ki, bu barədə prezidentlər arasında telefon danışığından sonra Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Prezidentlər dərhal Ukraynadakı münaqişənin həlli ilə bağlı məsələlərin dərindən müzakirəsinə başladılar, o cümlədən bu yaxınlarda İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarını nəzərə alaraq. Prezidentlər Ukrayna mövzusu da daxil olmaqla, qaldırılan bütün məsələlər üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, - o deyib.
Uşakov əlavə edib ki, iki liderin söhbətində Ukraynada mümkün atəşkəs üçün son tarix və müddət məsələsi müzakirə olunmayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti amerikalı qanunvericilər tərəfindən hazırlanan Rusiyaya qarşı yeni sanksiyalar layihəsini də xatırladıb, lakin özünü məhdudiyyətlərin deyil, razılaşmaların tərəfdarı adlandırıb.