"İlham Əliyevin göstərdiyi səyləri yüksək qiymətləndiririk"-Ştaynmayer

Bölmə: Siyasət › ,
Tarix: 20:40 27.05.2025

 

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhün bərqərar olunması üçün göstərdiyi səyləri xüsusilə yüksək qiymətləndirdiyini və tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıb.

 

"Mən ikitərəfli əlaqələrimizin genişləndirilməsində çox maraqlıyam. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəniz mühüm geostrateji mövqeyə malikdir. Çoxsaylı silahlı münaqişələr və yeni gərginliklər qarşısında biz birlikdə ciddi çağırışlarla üzləşirik. Buna görə də mən Sizin regionda sülhün bərqərar olunması üçün göstərdiyiniz səyləri xüsusilə yüksək qiymətləndirir və Sizə tezliklə ən yaxşı və davamlı nailiyyət əldə etməyi arzulayıram".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Almaniya prezidentinin Azərbaycan prezidentinə ünvanladığı mesajda olduqca vacib məqamlara toxunulub:

 

"Ən əsas da Azərbaycan prezidentinin bölgədə sülh yaratmaqla bağlı səyləri qiymətləndirilir. Azərbaycan prezidenti son 5 ildə sülh təşəbbüsləri ilə ardıcıl çıxış edən az saylı dövlət başçılarından biridir.

Azərbaycan Ermənistana 5 bənddən ibarət təkliflərini göndərdi. Bunun ardınca Azərbaycan Güney Qafqazda regional əməkdaşlığı inkişaf etdirmək üçün 3+3 formatını təklif etdi. Azərbaycan Qoşulmama Hərəkatında müstəmləkəçiliyin əleyhinə müəyyən dəstəklər verirdi.

ABŞ–Rusiya, NATO–Rusiya, Türkiyə–İsrail və digər ölkələrarası toplantıların Azərbaycanda aparılması çox böyük təşəbbüslərdir. Almaniyanın təşəbbüsü ilə Ermənistan və Azərbaycan rəhbərlərinin görüşləri olubdur. Ştaynmayerin açıqlamalarında Azərbaycanın regionun əsas aparıcı dövləti olduğu qeyd edilib".

 

Aygün Babayeva