Tramp Putini bu yolla güzəştə məcbur edəcək

Tarix: 20:51 27.05.2025
ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür və gələcəkdə nəticələri görməyəcəyi təqdirdə danışıqlar prosesindən uzaqlaşmağı planlaşdırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki , mən düşünmürəm ki, bu yeni sanksiyalar Rusiyanın mövqeyində ciddi dəyişikliklərə səbəb olacaq:
"Bu günədək Tramp yox idi, Amerika Baydenin dövründə hər cür sanksiyalara əl atıb. Amma bu sanksiyaların hansısa bir effektiv nəticəsi olmadı. İndi isə Donald Tramp çalışır ki, guya bu yolla Rusiyanı masa arxasına gətirsin. Amma Rusiya masa arxasına gəlsə belə, sadəcə sülhə maraqlı olduğu görüntüsünü yaratmağa çalışacaq. Real vəziyyətdə isə döyüş zonasında əməliyyatları davam etdirir. Məsələn, ötən gün Ukraynaya qarşı ən böyük dron hücumları həyata keçirildi və 13 mülki şəxs həlak oldu. Bu isə onu göstərir ki, hazırda Putin sülhə maraqlı deyil. Onun istədiyi sülh — Ukraynanın təslimçi aktıdır, yəni kapitulyasiyasıdır. Sadəcə ABŞ görür ki, vəziyyət onun düşündüyü kimi getmir. Proses uzanır və ABŞ-ın bu prosesdə iştirakı əslində onun nüfuzuna zərbə vurur, çünki ortada nəticə yoxdur. Bu səbəbdən Donald Tramp artıq bu prosesdən yavaş-yavaş geri çəkilmək istəyir. Məsələ ondadır ki, Rusiyanın Ukrayna ilə bağlı real addım atması üçün sadəcə sanksiyalar kifayət etmir. Son üç il bunu açıq şəkildə göstərdi. Çünki Rusiyanın hər şeydən əvvəl bəlli bir geosiyasi və hərbi məqsədləri var və bu məqsədlərə nail olmadan masa arxasına oturmağa hazır deyil".
Qəmər Kazımzadə