Rusiya Avropanı vurmaqla hədələyib

Bölmə: Siyasət › ,
Tarix: 21:07 27.05.2025

 

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Qərbin Ukraynaya verdiyi uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına cavab olaraq Avropanı hədələyib.

 

Bu barədə rusiyalı jurnalist Aleksandr Yunaşev öz teleqram kanalında yazıb.

 

"Bütün Avropa şəhərləri təhlükə altındadır", - Kartapolov bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az ”a açıqlamasında bildirib ki,əvvəla qeyd etmək lazımdır ki, bu kimi bəyanatlar hər şeydən əvvəl bir blef xarakteri daşıyır:

 

“Yəni, bu o demək deyil ki, Rusiya bu dəqiqə Avropanın hər hansı bir şəhərinə zərbə endirəcək. Bu daha çox “mən buradayam, sən mənim təhlükəsizliyimə təhdid yaradırsan və mən buna səssiz qala bilmərəm” ritorikasıdır.

 

Digər tərəfdən, Avropa üçün hələlik real bir təhlükə mövcud deyil, lakin bu təhlükənin ehtimalı getdikcə artır. Məhz bu da Avropanın narahatlığına səbəb olur. Belə ki, əgər ABŞ-nin səyləri nəticə verərsə və Rusiya-Ukrayna müharibəsi sona çatsa, çox güman ki, Rusiya bu münaqişədən qalib tərəf kimi ayrılacaq.

 

Bu halda isə Avropa üçün, xüsusilə də Rusiyaya yaxın coğrafi mövqedə yerləşən ölkələr üçün təhlükə daha da güclənəcək. Rusiya özünü psixoloji baxımdan daha inamlı və ambisiyalı hiss edəcək. Xüsusilə də Baltikyanı ölkələr üçün ciddi təhdid yaranacağı ehtimal edilir”.

 

Siyasi şərhçi əlavə edib ki, bütün bu səbəblərə görə Avropa, bu mərhələdə müharibənin bitməsini istəmir:

 

"Elə ABŞ və Avropa arasında yaranan fikir ayrılıqları da bununla əlaqəlidir. Qeyd etmək lazımdır ki, son dövrlərdə, xüsusilə ABŞ-də Donald Tramp hakimiyyətə gəldikdən sonra Avropanın ABŞ-yə olan dəstəyi artmağa başlayıb. Bu dəstəyin əsas məqsədi isə müharibəni uzatmaq və Rusiyanın tam qələbəsinin qarşısını almaq olub.

 

Üçüncü məsələyə gəlincə, onun ciddi təsirinin olacağını düşünmürəm. Bu, artıq “oxun yaydan çıxması” ilə eyni məna daşıyır. Təəssüf ki, vəziyyət getdikcə daha da mürəkkəbləşir”.


Mahmudlu Ləman