Pakistanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Bölmə: Siyasət › ,
Tarix: 21:00 29.05.2025

 

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri mayın 29-da başa çatıb. Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Məhəmməd Şahbaz Şərifi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Şahbaz Şərif Azərbaycana çox əlamətdar bir gündə səfər edib:

 

"Onun Laçında İlham Əliyevlə bir araya gəlməsi olduqca böyük əhəmiyyət daşıyır. Həm Azərbaycan, həm Türkiyə, həm də Pakistan arasındakı əlaqələr dünyanın digər dövlətləri arasında münasibətlərin qurulması üçün olduqca yaxşı göstəricidir.

Pakistan 44 günlük müharibəyə qədər, həmin ərəfədə və hazırda Azərbaycana həm mənəvi, həm də siyasi yardım göstərib. Hərbi və texniki sahələrdə də əməkdaşlıq inkişaf etdirilməkdədir. Türkiyə, Azərbaycan və Pakistanın birgə maliyyə resursları 1,5 trilyon dollar təşkil edir. Hər üç ölkənin əhali sayı isə 350 milyondur".

 

Aygün Babayeva