ABŞ-nin xüsusi nümayəndəsi Uitkoffun atəşkəs planı açıqlanıb-13 bənddən ibarətdir

Tarix: 16:23 30.05.2025
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun İsrail və HƏMAS arasında atəşkəsə dair irəli sürdüyü 13 bəndlik planın təfərrüatı məlum olub.
“İnformator.az”ın verdiyi məlumata görə, bu barədə "Times of Israel" nəşri xəbər verib.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun da razılıq verdiyi bu plan tərəflər arasında 60 günlük atəşkəs və girov-məhbus mübadiləsini nəzərdə tutur.
Planın əsas məqamları aşağıdakılardır:
60 günlük atəşkəs rejimi tətbiq olunur. ABŞ Prezidenti Donald Tramp atəşkəsin İsrail tərəfindən yerinə yetirilməsinə şəxsi zəmanət verir;
Atəşkəsin 1-ci və 7-ci günlərində HƏMAS 14 nəfərdən ibarət iki qrup şəklində 28 israilli girovu (18-i həlak olmuş şəxslərin cəsədləri olmaqla) azad edir;
Qarşılığında İsrail 125 ömürlük həbs cəzası almış fələstinli məhbusu, 2023-cü il 7 oktyabrdan sonra həbs edilmiş 1111 Qəzza sakinini və 180 meyiti HƏMAS-a təhvil verir;
10-cu gün HƏMAS qalan girovlar barədə tibbi arayış və ya ölüm faktını təsdiqləyən məlumat təqdim edir. Əvəzində İsrail də həbs edilən fələstinlilər və Qəzzada həlak olmuş şəxslərin sayına dair rəsmi informasiya təqdim edir;
İsrail Qəzza zolağında hücumları dayandırır və hava məkanından istifadəni gündəlik 10 saat, girov-məhbus mübadiləsi günlərində isə 12 saat məhdudlaşdırır;
Girovların azad edilməsinin ardınca İsrail Müdafiə Qüvvələri əvvəlcə şimal, sonra isə cənub bölgələrindən çıxarılır. Bu proses sonrakı texniki danışıqlar nəticəsində müəyyən ediləcək dəqiq sərhədlərlə yekunlaşacaq;
Qəzzaya təcili humanitar yardımın göndərilməsi planlaşdırılır;
Atəşkəsin ilk günündən başlayaraq daimi sülh sazişi üzrə danışıqlara start veriləcək. Əgər bu danışıqlar 60 gün ərzində başa çatmazsa, tərəflərin razılığı ilə atəşkəs müddəti uzadıla bilər;
HƏMAS, yekun razılaşma əsasında İsrailin təqdim etdiyi siyahıya əsasən, "58 nəfərlik siyahı" üzrə son girovları da azad edəcək;
Danışıqlara ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff sədrlik edəcək;
Atəşkəsin zəmanətçiləri ABŞ, Misir və Qətərdir;
ABŞ Prezidenti Donald Tramp razılaşmanın əldə olunduğunu şəxsən elan edəcək.