Rusiya–Ukrayna sülh masası yenidən İstanbulda qurulur!

Tarix: 19:47 30.05.2025
Rusiya ilə Ukrayna arasında davam edən müharibəni bitirməyə yönəlmiş sülh danışıqları yenidən İstanbulda keçiriləcək. Kreml Sarayından verilən açıqlamada bildirilib: “Rusiya nümayəndə heyəti 2 iyun, bazar ertəsi günü İstanbulda Ukrayna ilə görüşməyə hazırdır. Görüşmələr nəticə verərsə, Putin də zirvədə iştirak edə bilər”. Türkiyənin xarici işlər naziri Hakan Fidan da liderlərin İstanbulda bir araya gələ biləcəyini bildirib.
Xarici işlər naziri Hakan Fidan, Ukraynaya səfəri çərçivəsində bu gün paytaxtda ukraynalı həmkarı Andrii Sybiha ilə görüşüb. Fidan təkbətək görüşdən sonra açıqlama verib.
Fidan, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə tam dəstək verdiklərini vurğulayıb və “Növbəti turun keçirilməsinin mümkün olduğu qənaətindəyik”, – deyərək, növbəti görüşlərə ev sahibliyi etməyə Türkiyənin bir daha hazır olduğunu bildirib.
Nazir Fidan qeyd edib: “Rusiya 2 iyun, bazar ertəsi günü danışıqlara davam etmək istədiyini bildirib. Biz danışıqların harada keçirilməsindən daha çox, müharibənin yaratdığı dağıntının və humanitar faciənin sona çatdırılmasına fokuslanırıq. Tərəflərin İstanbulda qəbul etdikləri prinsipial qərarlar əsasında növbəti turun keçirilməsi mümkündür. Bu baxımdan, növbəti görüşlərə ev sahibliyi etməyə hazır olduğumuzu ifadə etmək istəyirəm”.
Hakan Fidan çıxışında əlavə edib: “Cənab Ərdoğanın ev sahibliyində Tramp, Putin və Zelenski arasında İstanbulda keçiriləcək görüşlərlə bu prosesin taclandırılması mümkün ola bilər”. O, “davamlı sülhün yeganə yol olduğuna” diqqət çəkib.
Ukraynanın yeni tur danışıqları “pozması” halında Rusiyanın atacağı addımlara dair sualı cavablandıran Kremlin sözçüsü Peskov isə belə deyib: “İkinci tur üçün 2 iyun, bazar ertəsi günü İstanbulda görüşməyi təklif etmişik. Ukraynanın cavabını gözləməliyik və özümüzü ona uyğun istiqamətləndirməliyik. İndiyə qədər, bildiyimə görə, Ukrayna tərəfindən heç bir cavab verilməyib”.
Haberler.com
Aygün Babayeva