Türkiyəyə buna görə minnətdarıq, amma... - Zaxarova

Tarix: 19:50 30.05.2025
İstanbulda nəzərdə tutulan Rusiya-Ukrayna danışıqları ikitərəfli formatda keçiriləcək və başqa ölkələrin vasitəçiliyindən söhbət getmir.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti İstanbula memorandum layihəsi və atəşkəslə bağlı digər təkliflərlə gələcək. O vurğulayıb ki, Rusiya Prezidentinin ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənən təşəbbüsü məhz ikitərəfli danışıqlar formatını nəzərdə tutur.
“Təbii ki, biz qonaqpərvərliyə və rahat şərait yaratdıqlarına görə türk dostlarımıza minnətdarlığımızı ifadə edirik. Lakin Türkiyənin və ya başqasının vasitəçiliyindən söhbət getmir”, - deyə diplomat qeyd edib.
ABŞ, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin İstanbula mümkün gəlişi ilə bağlı yayılan xəbərləri şərh edən Zaxarova vurğulayıb ki, Rusiya hərəkət azadlığına hörmətlə yanaşır, lakin bu səfərlərlə Rusiya-Ukrayna danışıqları arasında əlaqə görmür.