Pekin, ABŞ-nin bəzi Çinli tələbələrin vizalarını ləğv etmə qərarına etiraz edib

Bölmə: Dünya › ,
Tarix: 21:09 30.05.2025

Pekin rəhbərliyi, ABŞ-nin ölkədə təhsil alan bəzi Çinli tələbələrin vizalarını ləğv etməyə başlayacağına dair açıqlamasına etiraz etdiyini bildirib.

 

Çinin Vaşinqtondakı Səfirliyindən verilən açıqlamada, bu məsələ ilə bağlı ABŞ hökumətinə rəsmi etiraz notası təqdim olunduğu qeyd edilib.

 

Açıqlamada, qərarın siyasi motivasiyalı ayrı-seçkilik xarakterli bir addım olduğu vurğulanaraq, Vaşinqton rəhbərliyinə dərhal bu səhvini düzəltmək və Çinli tələbələrin qanuni hüquq və mənafelərini təmin etmək çağırışı edilib.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin dünənki açıqlamasında qərara sərt reaksiya göstərərək, ABŞ rəhbərliyinin ideologiya və milli təhlükəsizlik bəhanəsi ilə Çindən gələn beynəlxalq tələbələrin qanuni hüquq və maraqlarına zərər verdiyini söyləyib.

 

Mao, “ABŞ-nin siyasi motivasiyalarla atdığı bu ayrıseçkilik addımı, onun azadlıq və açıqlıq məsələsindəki ikiüzlülüyünü ortaya qoyur”, - ifadəsini işlədib.

 

ABŞ Dövlət katibi Marko Rubio isə öncəki gün verdiyi açıqlamada bildirib ki, Dövlət Departamenti Daxili Təhlükəsizlik Departamenti ilə birgə Çin Kommunist Partiyası ilə əlaqəli və kritik tədqiqat sahələrində çalışan Çinli tələbələrin vizalarını “aqressiv şəkildə” ləğv etməyə başlayacaq. Bundan əlavə, Çin materiki və Honq Konqdan edilən viza müraciətləri daha sərt şəkildə yoxlanacaq.

 

 

 

TRT Xəbər 

Nuray Əliyeva