Paşinyan erməni ruhaniləri hədəfə alıb

Tarix: 21:28 30.05.2025
Ermənistan baş naziri kilsə daxilindəki əxlaqi ziddiyyətlərə qarşı açıq mövqe sərgiləyib.
Ermənistanın baş naziri Nikol Paşinyan şəxsi “Facebook” səhifəsində paylaşdığı açıqlamada ölkə daxilindəki bəzi ruhaniləri sərt tənqid edib. O, ruhani xidmətində olan şəxslərin subaylıq andına sadiq qalmalı olduğunu vurğulayıb:
“Heç kim başqasının şəxsi həyatı ilə maraqlanmamalıdır. Amma xalqın kilsəyə, mənəvi və əxlaqi dəyərlərə haqqı var",– deyə Paşinyan bildirib.
Qeyd edək ki, baş nazir bir müddət əvvəl özünün mənəvi və şəxsi keyfiyyətlərini şübhə altına alan arxiyepiskop Baqrat Qalstyanın tənqidlərinə sərt cavab verdi. Həmin tənqidlərdə əsasən Paşinyanın rəsmi nikahda olmaması ön plana çıxarılıb.
Məsələyə baş nazirin həyat yoldaşı Anna Akopyan da münasibət bildirib. O, sosial şəbəkələrdə paylaşdığı silsilə yazılarda yüksək rütbəli erməni ruhanilərini ikiüzlülükdə, əxlaqsızlıqda və yalançı dindarlıqda ittiham edib. Hətta bəzi paylaşımlarında erməni kilsə nümayəndələrini pedofillikdə günahlandırıb.
Görünür, Paşinyan cütlüyü Ermənistan Apostol Kilsəsindəki bəzi mənəviyyat pozuntularına qarşı ictimaiyyət qarşısında sərt mövqe sərgiləməyə qərarlıdır.
Mənbə: Caliber
Aytən Ağazadə