ABŞ İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir

Tarix: 21:38 30.05.2025
ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir.
"Biz ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Biz bu görüşün baş tutacağına inanırıq. Bu, ABŞ prezidenti Donald Trampın təşviq etdiyi, hər iki tərəfi dialoqa və birbaşa danışıqlara çağırdığı görüşdür", – deyə o bildirib.
Livitt vurğulayıb ki, ABŞ bu danışıqlar üçün Türkiyəyə nümayəndə heyəti göndərmir.
"Prezident nümayəndə göndərməyi planlaşdırsa, sizə xəbər verəcəyik. Hazırda belə bir plan yoxdur. O, bu müharibənin döyüş meydanında deyil, danışıqlar masası arxasında həll olunmasını istəyir. Dövlət başçısı bunu dəfələrlə hər iki ölkənin liderinə bildirib. Ümid edirəm ki, gələn həftə müəyyən irəliləyişlər müşahidə olunacaq", – Ağ Evin sözçüsü qeyd edib.
Bu məsələ ilə bağlı Pərviz Heydərov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə bu münaqişə başladığı gündən heç bir qızışdırıcı rol oynamayıb:
"ABŞ tərəfi danışıqlarda birbaşa iştirak etsə də, etməsə də, hər halda münaqişə tərəflərinin mümkün qədər atəşkəs əldə etməsi üçün indiyədək baş tutan görüşlər birbaşa Vaşinqtonun, yəni Ağ Ev administrasiyasının təşəbbüsü ilə həyata keçirilib. Əgər Bayden administrasiyasının iradəsi keçsəydi, hələ də heç bir danışıqlar olmayacaqdı. Lakin danışıqlarda konkret nəticələr əldə olunmalıdır. Donald Trampın istəyinə əsasən, bu artıq baş verməli idi. Ancaq görünən odur ki, ABŞ prezidenti Donald Tramp hələlik Rusiya–Ukrayna müharibəsini dayandıra bilmir. Halbuki buna böyük ümidlər var idi. Artıq Trampın Putinə qarşı ritorikası da dəyişmiş kimidir. Belə ki, yeni sanksiyalardan və təzyiqlərdən söhbət gedir. Bütün bunlar onu göstərir ki, Trampın Putinlə telefon danışıqları da effektsiz xarakter daşıyıb və onların arasında bundan sonra baş tutacaq hər hansı görüş də hələ ki, ciddi əhəmiyyət kəsb etmir. Əslində, bu da gözləniləndir. Çünki Putinə Trampdan daha yaxın bir lider yox idi. Əgər Tramp belə, onu razılığa gətirə bilmirsə, demək ki, Ukrayna cəbhəsində döyüşlərin daha böyük fəlakətlərə doğru inkişaf etməsi qaçılmaz görünür.
Türkiyənin neytral vasitəçi kimi rolu isə bütün tərəflər üçün qəbulolunandır. Belə ki, Ankara hələ ABŞ-dən əvvəl sözügedən müharibədə atəşkəs əldə olunması üçün yaxın bir region dövləti və NATO ölkəsi kimi müvafiq təşəbbüslər irəli sürüb. Türkiyə bu münaqişə başladığı gündən heç bir qızışdırıcı mövqe sərgiləməyib. Bu baxımdan Ankaranın danışıqlar üçün məkan və ev sahibliyi rolu tamamilə haqlıdır. Təsadüfi deyil ki, bundan əvvəlki danışıqlar raundunda (mayın 16-da) “1000-ə 1000” formatına əsasən məhbus mübadiləsinə dair razılaşma əldə olundu və gələcək atəşkəslə bağlı konturlar müəyyənləşdirildi. İndi isə iyunun 2-də böhranın əsas səbəblərini aradan qaldırmağa yönələn Rusiyanın memorandumu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfinə təqdim edəcək.
Sözün qısası, üfüqdə sülh görünsə də, hələ ki, həmin görüntüyə doğru gedən yollar isə bəlli deyil".
Xədicə Məhərrəmli