İsrail HƏMAS-ın Qəzza sakinləri üzərində nəzarəti itirdiyinə inanır

Tarix: 22:41 30.05.2025
İsrail Müdafiə Nazirliyi hesab edir ki, Qəzza zolağında işə salınan yeni humanitar yardım paylama sistemi tədricən HƏMAS hərəkatını anklavda nəzarətdən məhrum edir.
"İnformator.az" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
"Qəzza xalqı öz hərəkətləri ilə HƏMAS-ın əleyhinə səs verdi və paylama məntəqələrinə qaçdı. Bununla da HƏMAS qorxusunun səddini aşdı. Və bu, həmin hərəkatın hakimiyyəti saxlamaq üçün lazım olan idarəçiliyi həyata keçirmək qabiliyyətini sarsıdır", - deyə adının açıqlanmasını istəməyən İsrail müdafiə rəsmisi bildirib.
“The Times of Israel” qeyd edir ki, bundan əvvəl Qəzza zolağında planlaşdırılan dörd yardım paylama mərkəzindən üçü fəaliyyətə başlayıb və bu mərkəzlər vasitəsilə İsrail və ABŞ-nin Qəzza Humanitar Vəqfi Fələstinlilərə on minlərlə yardım paylayıb. İsrail hakimiyyəti qeyd edir ki, bu mərkəzlər 1,2 milyon fələstinlini qidalandıracaq.
Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, yeni sistem HƏMAS-ın yardım paylamasını dayandırmaq, sonra isə hərəkatın Qəzza zolağının əhalisi ilə əlaqəsini kəsmək məqsədi daşıyır. Eyni zamanda o qeyd edib ki, HƏMAS-ın və BMT təşkilatlarının bir çox elementləri layihənin uğursuzluğuna ümid edirlər. Onun sözlərinə görə, HƏMAS sistemə qarşı təbliğat aparır, ondan istifadə etmək istəyən mülki şəxsləri təhdid edir və onun işinə təxribat törətməyə cəhd edirdi.
O qeyd edib ki, BMT humanitar yardımın yeni paylanması sisteminə qarşıdır və buna açıq şəkildə etiraz edib.