İsrail "Hizbullah"ın raket bölməsinin komandirini zərərsizləşdirib

Tarix: 16:32 31.05.2025
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubuna daha bir zərbə endirib. Əməliyyat nəticəsində "Hizbullah" təşkilatının yerli silahlı dəstələrinin komandirlərindən biri məhv edilib.
“İnformator.az”ın verdiyi məlumata görə, bu barədə SAXAL-ın Mətbuat Xidməti xəbər yayıb.
Bildirilir ki, zərbənin əsas hədəfi "Hizbullah"ın raket bölməsinin komandiri Muhəmməd Əli Camul olub.
İsrail ordusunun məlumatına əsasən, o, Livanın cənubundakı Deir əz-Zahrani yaşayış məntəqəsi ərazisində fəaliyyət göstərən raket qüvvələrinə rəhbərlik edib.
Ordu bildirir ki, Livan-İsrail sərhədində gərginliyin artdığı dövrlərdə Camul Tel-Əvivə qarşı raket hücumlarına rəhbərlik edib. Son dövrlərdə isə onun həmin bölgədə "Hizbullah"ın hərbi infrastrukturunun bərpasında da fəal iştirak etdiyi qeyd olunur.
İsrail ordusu Əli Camulun fəaliyyətini İsrail ilə Livan arasında mövcud atəşkəs razılaşmalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.
"İsrail Müdafiə Ordusu, İsrail dövlətinə qarşı yaranan istənilən təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyə davam edəcək", - deyə ordudan verilən açıqlamada vurğulanıb.