Sabah saat 13:00-da İstanbulda sülh danışıqları keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 22:34 01.06.2025

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların sabah saat 13:00-da Çırağan sarayında keçirilməsi planlaşdırılıb.

 

Sülhün ünvanı yenə Türkiyə olacaq. Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda növbəti dəfə görüşəcək.

 

Rusiya və Ukrayna nümayəndə heyətləri mayın 16-da ilk görüşlərini keçiriblər. Danışıqlar nəticəsində hər biri 1000 məhbusun mübadiləsi barədə qərar qəbul edilib. Danışıqların davam etdirilməsi razılaşdırılıb. Həmin danışıqlar sabah saat 13:00-da İstanbuldakı Çırağan sarayında davam etdiriləcək.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsini keçirməyi təklif etdiklərini və Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin nümayəndə heyətinə başçılıq edəcəyini bildirib.

 

Ukrayna prezidenti Zelenski də görüşdən əvvəl komandası ilə görüş keçirib. O, Ukrayna nümayəndə heyətinə Rustem Umerovun başçılıq edəcəyini açıqlayıb.

Zelenski sosial media hesabındakı paylaşımında tam və qeyd-şərtsiz atəşkəs tələb etdiklərini bildirib. O, vurğuladı ki, əsas məsələləri liderlər həll edə bilər.

 

Tərəflərin İstanbulda keçiriləcək ikinci görüşündə atəşkəs məsələsinin müzakirə ediləcəyi gözlənilir.

3 ildir davam edən müharibədə sülh ümidi davam edir.

 

Mənbə: TRT Haber

Fatimə Şahverdiyeva