Hindistan ilk dəfə olaraq Pakistanın onun təyyarələrini vurduğunu təsdiqləyib

Bölmə: Dünya › ,
Tarix: 17:52 31.05.2025

Hindistanın Baş Qərargah Rəisi Anil Çauhan ilk dəfə olaraq Pakistanın Hindistana məxsus təyyarələri vurduğunu təsdiqləyib.


Bloomberg televiziya kanalına danışan Çauhan, Pakistanın Hindistan təyyarələrini vurmasına dair iddialara münasibət bildirdi.


Çauhan bu barədə belə dedi: “Məncə burada vacib olan təyyarənin vurulması deyil, onun niyə vurulduğudur”.


Təyyarələrin uçurulması zamanı taktiki səhvlərə yol verildiyini qəbul edən Çauhan əlavə etdi: “Yaxşı tərəfi odur ki, biz etdiyimiz taktiki səhvi anlaya, düzəldə, iki gün sonra yenidən tətbiq edə və bütün təyyarələrimizi uzun mənzilli hədəfləri vurmaq üçün havaya qaldıra bildik”.


Pakistanın 6 Hindistan təyyarəsinin vurulduğunu iddia etməsinə dair sualı cavablandıran Çauhan bildirdi: “Bu, qətiyyən yanlışdır və vacib sayılan məlumat da deyil. Vacib olan onların niyə vurulduğudur. Bu, bizim üçün daha önəmlidir. Daha da önəmlisi, bundan sonra nə etdiyimizdir”.


Hindistanın hücumu və toqquşmalar


22 aprel tarixində Cammu və Kəşmirin Pahalgam bölgəsində 26 nəfərin öldürüldüyü terror hücumuna cavab olaraq Hindistan 6 mayda Pakistan ərazilərinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. Bununla tərəflər arasında toqquşmalar başlayıb.


Hindistanın Baş naziri Narendra Modi rəhbərlik etdiyi kabinet toplantısında hərbi hücumları “Sindoor Əməliyyatı” adlandırıb və bu əməliyyatı “qürur anı” kimi dəyərləndirib. Hind dilində “sindoor” sözü evli hindu qadınlarının alınlarına çəkdikləri qırmızı toz mənasını verir.


İki ölkə 10 may tarixində ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan edib.


Mənbə:TRT HABER
Solmaz Muradova