Ukrayna Prezidenti Zelenski: Türkiyəyə minnətdarıq

Tarix: 17:53 31.05.2025
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya hələ də atəşkəsin təmin olunması ilə bağlı memorandumu onlara göndərməyib və bununla da növbəti mümkün sülh danışıqlarının nəticəsiz qalmasına çalışır.
Prezident Zelenski Ukraynanın paytaxtı Kiyevdə Xarici İşlər Naziri Hakan Fidanı iş ofisində qəbul edib və görüşlə bağlı Teleqram hesabında paylaşım edib.
Zelenski, Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə İstanbulda keçirilən sülh danışıqları nəticəsində 1000 ukraynalı əsirin evlərinə qayıtmasının mümkün olduğunu və bu səbəbdən Türkiyəyə təşəkkür etdiyini bildirib.
Fidanla keçirdikləri görüşdə müharibənin dayandırılmasına yönəlmiş diplomatik addımların müzakirə edildiyini qeyd edən Zelenski, “Rusiya dünyanın bütün atəşkəs çağırışlarını görməməzliyə vurur və qətliamlarını davam etdirir” deyib.
Zelenski əlavə edib ki, Rusiya İstanbul sülh danışıqları nəticəsində baş tutmuş 1000-ə qarşı 1000 formatlı əsir mübadiləsindən sonra atəşkəslə bağlı memorandum hazırlayıb tərəflərə təqdim etməli idi. “Ukrayna onlardan heç bir sənəd almayıb, Türkiyə də almayıb. Bir görüşün mənalı olması üçün gündəminin açıq, müzakirələrin isə düzgün şəkildə hazırlanmış olması vacibdir. Təəssüf ki, Rusiya növbəti mümkün görüşün nəticəsiz qalması üçün əlindən gələni edir”, – deyə Zelenski bildirib.
Ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi konkret dəstəyə görə Türkiyəyə minnətdar olduqlarını vurğulayan Zelenski, “Türkiyə ilə diplomatiyanın səmərəli olmasını hədəfləyən bütün əməkdaşlığımızı dəyərli hesab edirik” ifadəsini işlədib.
Mənbə:TRT HABER
Solmaz Muradova