Deputatdan təklif -Qarabağda vətəndaşlara ev tikməyə icazə verilsin

Bölmə: Siyasət › ,
Tarix: 21:04 01.06.2025

Deputat Razi Nurullayev parlamentin plenar iclasında təklif edib ki, işğaldan azad edilən ərazilərdə vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi qanun çərçivəsində tikməyə icazə verilsin.

 

Mövzu ilə bağlı şəhərsalma memarı Cahid Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, bu qərarın bir çox üstünlükləri var:

 

"Yüzlərlə minlərlə memarımız, dizaynerimiz, mühəndisimiz işlə təmin oluna bilər. Hansı ki, boş, bikar dayanıblar. Əslində 20% işğaldan azad olunan ərazilərimizdə, hətta bu 2-3 ildə yaxşı mənada memar çatışmamazlığı olmalıydı. Təəssüf ki, 30 il Azərbaycan memarlığında xidmətləri olan memarlarımızdan demək olar ki, heç biri ora dəvət olunmur. Nəinki dəvət olunmur, hətta təkliflər belə cavabsız qalır. Arxitektura komitəsi bir kənd evini kopyalayaraq 500-700-1000 ədəd edir, adı da olur kənd. Beləliklə kənd dönüb olur kazarmalar şəhərciyi. Yəni bir kənddə 500-700-1000 evin hər biri, bir- birlərindən fərqli layihələrlə olmur, bu əksinə olmalıdır. Bu memarlıq və şəhərsalmanın yazılmış və ya yazılmamış qanunudur. Yeni bir primitiv formatın heç də mənası yoxdur. Və özəl tikililər olarsa təsəvvür edin nə qədər gözəl layihələr olar. Artıq zamanı gəlib ki, oradakı tikililərə peşəkar minlərlə memarlar, mühəndislər, dizaynerlər, iş icraçıları, dülgərdən tutmuş dəmir konstruksiya ustalarına kimi və s. orta tikinti firmaları işlə təmin edilmiş olar.
Belə olduqda dövlətdən bu qədər çox vəsait alınmaz. 150-180 000 manat alınır, lakin bina evi başa gəlir 55-60 000manata. Elə evləri sökülənlərə konpensasiya verilən kimi buralarda da özlərinə verilsin. Bu anda elələri bu verilən pulun üzərinə də öz pulun qoyub yaxşı memarlıq görünüşlü evlər də tikərlər. Bir birilərindən fərqli, rəngarəng, eyvanlı və ya teraslı, şüşəbəndli və ya vitrinli və ya klassik, ənənəvi formada və s. Belə olduqda kəndlər də kazarma şəhərciyinə oxşamaz".


Fatimə Heydərova