Azərbaycanla Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığı gücləndirir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:06 10.06.2025

“Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin hüdudlarından kənarda investisiya layihələrinin həyata keçirilməsi təklif edilir”.

Bu fikirlər Azərbaycanın ər-Riyaddakı səfiri Şahin Abdullayevin Səudiyyə Ərəbistanının Londonda nəşr olunan “əş-Şarq əl-Avsət” qəzetinə müsahibəsində yer alıb.

 

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, əməkdaşlığın genişlənməsi, müxtəlif formatlarının yaranması iki ölkə arasında münasibətlərə müsbət təsir göstərəcək: 

 

“Birgə investisiya fondunun gələcəkdə yaradılması və fəaliyyət göstərməsi, hər iki ölkə arasında əlaqələrin yaxşılaşmasına, daha da üst səviyyəyə çatmağına gətirib çıxaracaq. Əsas məqsəd həm kapitalı, kadrlar və inzibati resursları, həm də əlaqələri birləşdirib faydalı hərəkət etməkdir. 

Səudiyyə Ərəbistanın da özünün əlaqələri, ciddi maliyyə resursları, kadr potensialı var. Azərbaycanda da bu resurslar müəyyən qədər Səudiyyə Ərəbistanla müqayisəli  olmasa da var. Bu resursları birləşdirib birgə faydalı investisiya layihələri həyata keçirib qazanc əldə etməkdir”.

 

Ekspert qeyd edib ki, iki ölkə də  ənənəvi olaraq enerji sahəsində aktivlik qazanıb: 

 

“Fond əsasən enerji layihələrinin maliyyələşməsinə yönələcək. İki ölkənin əsas bacarığı, üstünlüyü enerji sektorudur. Təbii ki, digər sektor burada həm ənənəvi, həm də alternativ enerji sektoru ola bilər. İnvestisiyalar isə investisiya fondunun məramnaməsindən, nizamnaməsindən asılı olacaq”.

 

Nuray Əliyeva