İsraildən Kiyevə "Patriot" dəstəyi

Tarix: 21:46 10.06.2025
İsrail və Ukrayna arasında hərbi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Regional təhlükəsizlik çağırışları fonunda İsrail Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri təhvil verib. Bu addım Kiyevin hava hücumlarına qarşı müdafiə qabiliyyətini gücləndirməyi hədəfləyir.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli "informator.az"a açıqlamasında bildirib ki, görünür, burada artıq Amerikanın və Qərbin təzyiqi var:
"Suriyada 10 illərlə davam edən vətəndaş müharibəsi gedirdi. Orada İsraillə Rusiya bir-birinə qarşı çıxmadılar. Hətta, belə deyək, bir-biriləri ilə münasibətlər qurmuşdular və bəzi mövqelərdə İrana qarşı birgə çıxış edirdilər. Yəni Rusiya İsrailin oradakı iştirakına, İranın mövqelərini bombalamasına və s. göz yumurdu. Halbuki Rusiya İranla tərəfdaş sayılırdı. Amma buna rəğmən, Rusiya İsrailin oradakı İrana qarşı fəaliyyətinə ən azı göz yumurdu. İsrail– yəni yəhudi lobbisi– təkcə Amerikada deyil, Rusiyada da güclüdür.Amma bu dəfə, ilk dəfədir ki, Ukrayna müharibəsində də eyni İsrail-Ukrayna silah məsələsi gündəmə gəldi. Baxmayaraq ki, Ukrayna rəhbərliyi, ən azı Ukrayna Prezident Administrasiyasının yarısı yəhudi əsillidir. Yəni Prezident Zelenski başda olmaqla. Amma buna rəğmən, Zelenski İsrailə qarşı addımlar atırdı, xoş görünmək istəyirdi. Fələstinlə bağlı etiraz aksiyaları başlayanda o, “terrorçulara qarşıyıq” deyərək paylaşım etdi. Bütün bu yaxınlığa baxmayaraq, İsrail Ukraynaya silah vermədi. Artıq İsrail bunu etdi və bunu açıq şəkildə bəyan etdi. Bir var gizli şəkildə etmək, bir də var rəsmi şəkildə bəyan etmək. Bəzi ölkələr silah verir, yaxud da silah ötürülməsində rol oynayır, amma bunu bəyan etmirlər – münasibətləri pozmamaq üçün. Amma İsrail həm silah verir, həm də bunu açıq şəkildə bildirir. Bu nədən qaynaqlanır? Bu nədən xəbər verir? Görünür, burada artıq Amerikanın və Qərbin təzyiqi var. Eyni zamanda görünür ki, Putin Trampın çağırdığı danışıqlara getmir, razılaşmır, yəni güzəştə getmir. Bu da bir cəzalandırma formasıdır. Necə? “Bax, İsraili Ukrayna ilə qoşub sənə problem yarada bilərik” mesajıdır".
Həmçinin ekspert bunu da bildirib ki, yeganə Qərb ölkəsi Amerikadır ki, silah istehsalı baxımından Rusiyanı geridə qoyur:
"Bu həm də mesajdır ki, əgər Rusiya bu çağırışlara qulaq asmasa, nə olacaq? Ukraynada Qərb tərəfindən – daha doğrusu, kollektiv Qərb tərəfindən – nə kimi addımlar atılacaq? Bu proses uzunmüddətli olacaqmı? Amerika bu işə daha aktiv qoşulacaqmı? Çünki yalnız Amerika Ukraynaya dəstəyi davam etdirə bilər. Rusiya hərbi maşınını dayandırmağa Qərb dünyasında yeganə qadir ölkə Amerikadır. Nə Avropa hələlik buna qadirdir, nə İsrail. Amma Amerika qadirdir. Amerika silah baxımından Rusiyanı üstələyə bilər.Amma Avropa birləşsə belə, Rusiyanı üstələyə bilmir. Və burada sual yaranır: Ukraynaya görə Avropalılar bütün pullarını silahlanmaya xərcləyəcəklərmi? Bu da sual altındadır. Çünki onlar əvvəlcə öz təhlükəsizliklərini qorumağa üstünlük verirlər. Əks halda, iqtisadi və sosial vəziyyət çətinləşə bilər. Xalq sual verə bilər: “Niyə bu qədər silahlanırıq?” Çünki Avropalılar hələ də Rusiyadan ciddi təhlükə görmürlər, ən azı yarısı. Çünki Ukrayna onlara hələ də uzaq görünür. Yaxınlıq hiss etmirlər. Ona görə də bu, mənim fikrimcə, Amerikanın Putinə verdiyi mesajdır. Bu, Trampın mesajıdır və Trampın da İsrail hökuməti ilə xüsusi münasibətləri var. Yəni: “Dayan, mənim çağırışlarıma əməl et. Əməl etməsən, bax gör, İsrail ilə birləşərək sənin üçün prosesi daha da çətinləşdirə bilərik".
Gülhüseynova Güllər