Madleen gəmisindəki vətəndaşlara konsulluq yardımı göstərildi bildilib

Bölmə: Dünya › ,
Tarix: 21:49 10.06.2025

İsrail hərbçilərinin saxladığı Madleen gəmisində olan Türkiyə vətəndaşları 9 iyun axşamı sahilə çıxıblar. Bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr verib.

 

Bildirilib ki, 10 iyun səhər saatlarında Türkiyənin Təl-Əvivdəki səfirliyinin əməkdaşları saxlanılan vətəndaşlarla görüşüblər.

 

“Türkiyə vətəndaşlarına hərtərəfli konsulluq dəstəyi göstərilir. Yaxın qohumları bütün prosedurların gedişatı barədə operativ şəkildə məlumatlandırılır”, – deyə mənbələr qeyd edib.

 

Gəmidə ümumilikdə 12 nəfər olub.

 

Madleen gəmisi 1 iyun tarixində İtaliyanın Kataniya şəhərində yerləşən San-Ciovanni Li-Kuti limanından yola düşüb. Bu səfər vətəndaş cəmiyyətindən ibarət “Azadlıq donanması” koalisiyasının missiyası çərçivəsində təşkil olunmuşdu. Missiyanın məqsədi Qəzza zolağının mühasirəsini dinc yollarla yararaq bölgəyə humanitar yardım çatdırmaq idi. Uzunluğu 18 metr olan bu gəmidə müxtəlif ölkələrdən olan könüllülər iştirak edirdi. Onlar əvvəlcədən bəyan etmişdilər ki, İsrail hərbçiləri tərəfindən müdaxilə ediləcəyi təqdirdə müqavimət göstərməyəcək və yalnız dinc mövqe tutacaqlar.

 

Missiya iştirakçıları arasında aşağıdakı şəxslər yer alıb:

 • Avropa Parlamentinin Fransa üzrə deputatı Rima Həsən

 • Almaniya vətəndaşı Yasemin Acar

 • Türkiyəli fəal Hüseyn Şuayib Ordu

 • Braziliyadan Tiago Avila

 • İspaniyalı Serxio Toribio

 • Niderland vətəndaşı Marko van Rennes

 • Fransalılar Batist Andre, Reva Viar, Paskal Murieras və Yanis Mxamdi

 • İsveçli iqlim fəalı Qreta Tunberq

 • Jurnalist Ömər Fayad

 

Madleen missiyası, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada davam edən ağır humanitar böhran fonunda təşkil olunub. İsrail ordusu təkcə yaşayış məhəllələrinə deyil, həm də xəstəxanalara, məktəblərə və məcburi köçkünlər üçün düşərgələrə aviazərbələr endirir.

 

Anadolu Agency

Ayan Əsgərova