Xarkovda təxliyə həyəcanı

Bölmə: Siyasət › ,
Tarix: 22:41 11.06.2025

 

 

Xarkov vilayətində təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbilə 7 yaşayış məntəqəsinin təxliyəsinə qərar verilib. Yerli hakimiyyət orqanları əhalinin təhlükəsiz şəkildə köçürülməsi üçün tədbirlər görür. Təxliyə əməliyyatı Rusiya ordusunun hücum riskləri ilə əlaqədar həyata keçirilir.

 

Məsələ ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, Xarkov Rusiya–Ukrayna müharibəsində ön cəbhə bölgələrindən biri hesab olunur:

 

"Hazırda tərəflər çalışırlar ki, döyüş əməliyyatlarını daha sərbəst və intensiv şəkildə davam etdirmək üçün mülki əhalini mümkün qədər cəbhəyanı ərazilərdən təxliyə etsinlər. 7 yaşayış məntəqəsinin boşaldılması da bu strategiyanın tərkib hissəsidir.Lakin bu təxliyənin toqquşmaların miqyasına ciddi təsir edib-etməyəcəyi sual altındadır. Çünki 7 yaşayış məntəqəsi Ukraynanın ümumi ərazisi ilə müqayisədə kiçik bir hissəni təşkil edir. Bununla belə, görünür ki, bu ərazilərin boşaldılması, yaxın günlərdə həmin istiqamətlərdə hücumların intensivləşəcəyinə dair kəşfiyyat məlumatlarının olduğuna işarədir. Bu səbəbdən də əhalinin təhlükəsizliyi üçün onların bu zonalardan çıxarılması vacib sayılır. Müharibə isə hər keçən gün daha da şiddətlənir və nəzarətdən çıxan bir mərhələyə qədəm qoyur. Ukrayna Silahlı Qüvvələri bu mərhələdə asimmetrik döyüş taktikalarına üstünlük verərək, texnoloji imkanlardan istifadə ilə savaşın miqyasını genişləndirmək niyyətindədir. Canlı qüvvə baxımından Rusiya ilə eyni səviyyədə olmasa da, texnoloji üstünlüklər Ukraynanın müharibə aparmaq imkanlarını artırır. Bu mənzərə həm təxliyə olunan ərazilərin strateji əhəmiyyətini, həm də yaxın gələcəkdə münaqişənin daha da gərginləşə biləcəyini göstərir".

 

Gülhüseynova Güllər