XOŞBƏXTLİK NƏ VAR-DÖVLƏT, NƏ DƏ ZOR GÜCÜNƏ ALINIR

Bölmə: Maraqlı › ,
Tarix: 22:12 10.06.2025

Əhməd bəy Cavanşir (Mirzə Cəlilin ömür-gün yoldaşı, Həmidə xanım (Cavanşir) Məmmədquluzadənin atası) Avropada yüksək təhsil almış, görkəmli maarifçi, islahatçı, xeyriyyəçi kimi Qarabağda böyük hörmət-izzət sahibi idi. Uca boylu, şux qamətli, dolu bədənli, iri, qığılcım saçan qara gözlü bəy həm də səxavətliliyi, mərdliyi ilə dillər əzbəri olub. Bir çox bəy qızları uzun illər bu yaraşıqlı, mərd bəyin həsrətində qalıb. Amma nədənsə Cavanşir bəy həmişə bəy qızlarına qarşı laqeyd olub (indiki məmur oğlanlarından fərqli olaraq Cavanşir bəyi qızın atasının var-dövləti maraqlandırmayıb). Böyük mülkləri, yar-yaraşığı olsa da, Cavanşir bəy xoşbəxt olmayıb, ömür-gün yoldaşı sarıdan (əsas məsələdə) bəxti heç gətirməyib.

 

Arxiv sənədlərindən və qızı Həmidə xanımın xatirələrindən bəlli olur ki, Əhməd bəy Cavanşir ilk dəfə 1861-ci ildə Qarabağın Əfətli kəndindən olan gənc, kasıb, kimsəsiz Mülkü adlı bir dul qadınla evlənib. Qohum-əqrəba buna etiraz edəndə Əhməd bəy “onun da xoşbəxt olmağa haqqı var” deyə inadından dönməyib. Amma tale Mülkü xanımın üzünə burada da gülməyib. Gəlişi ilə gedişi çox qısa olub.

 

Dörd övladı olan ana onların dördünü də hələ körpə ikən itirib. Övladlarının qəfil ölümü Əhməd bəyin arvadına qarşı sərt davranmasına və nəhayət boşamasına səbəb olur. Bu hadisədən sonra Əhməd bəy bir daha evlənməyəcəyinə söz versə də, on ildən sonra yenidən evlənmək fikrinə düşür. Amma maraqlısı budur ki, Qarabağda böyük torpaq, mülk sahibi olan Əhməd bəy yenə də kasıb, yetim bir qızla evlənməyi qərara alır (doğrudur, bu fakt bu gün üçün inandırıcı deyil. Çünki bu gün heç bir məmur oğlu kasıb qızla evlənməyi özünə sığışdırmır).

 

Beləliklə, 1872-ci ildə Əhməd bəy yenidən ailə həyatı qurur. Bu haqda Həmidə xanım xatirələrində yazırdı: “Atam bir dəfə Saybalı kəndindən keçərkən üzünü gizlətmədən, yaşmanmadan, cəsarətlə, dik-dik ona baxan gənc bir qız görür. Qızın bu hünəri atamın xoşuna gəlir və elçi göndərib həmin qızı alır. Bu, Əfətli kəndindən olan yetim, kasıb, dayısının himayəsində yaşayan Xeyransa adlı bir qız olub”.

Əhməd bəy toydan sonra xanımına evdə təhsil verməyi qərara alır. “İlk gündən atam anamı gözəl vərdişlərə alışdırır. Onun tərbiyəsinə, təhsilinə, geyiminə yalnız özü nəzarət edirmiş. Odur ki, Xankəndidə yaylaq evində yaşayanda xanımını Avropa üslubunda geyindirər, üzüaçıq, çadrasız gəzdirərdi”.

Bəyin bu hərəkəti onu Qarabağda yamanca dilə-dişə salır. Kənarda edilən bu söz-söhbəti heç kəs cəsarət edib Əhməd bəyin üzünə deyə bilmirmiş. Bunun səbəbini Həmidə xanım xatirələrində belə yazırdı: “Qarabağ əhli atamın cəsarətinə və mərdliyinə görə xətrini çox əziz tutar, hörmət və ehtiramını saxlardılar”.

 

1872-ci ildə ailənin ilk övladı (Həmidə xanım) dünyaya gəlir. İlk övladın qız olması Əhməd bəyin qardaşı Əlini çox əsəbləşdirir. O, qurban dediyi cöngəni açıb buraxaraq: “Saybalı qızı bizə oğlan doğandı?” deyə etirazını bildirir. Qardaşı Əlidən fərqli olaraq Əhməd bəy qızı olduğuna bir o qədər də peşman olmur. “Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin” deyə özünə təsəlli verir.

 

İki il sonra, 1874-cü ildə cütlüyün oğul övladı dünyaya gəlir. Əhməd bəy oğluna babası Məhəmməd bəyin adını qoyur (o Məhəmməd bəy ki, Qarabağda cəsarəti, mərdliyi ilə ad-san sahibi olub). Əhməd bəyə elə gəlir ki, həyatında hər şey öz axarına düşür, o, ailəsi ilə xoşbəxtdir. Lakin bu xoşbəxt günlərin ömrü barmaqla saya biləcək qədər az olur. Məhəmməd iki-üç aylıq körpə olanda bu hadisə baş verir.

 

Bir gün Xeyransa xanımın dayısı oğlanları Hidayət və Əliş qaçaqmalçılıq üstündə məhkəməyə düşür. Məhkəmə onları altı yüz manat qarşılığında zaminə buraxmağa izin verir. Məhəmmədhəsən də bu pulu qohumu Əhməd bəydən borca istəyir. Əhməd bəy borcu bir şərtlə verir ki, ona lazım olanda pulunu qaytarsın. Məhəmmədhəsən razılaşır və Əhməd bəydən borcu alır. Aradan xeyli vaxt keçir. Bir gün Əhməd bəy qohumuna xəbər göndərir ki, borcu versin. Borcu verə bilməyən Məhəmmədhəsən bəyin oğlanları xəbər aparan adamı döyüb-söyüb yola salır. Bu hadisə Əhməd bəyə yaman toxunur və xanımına bildirir ki, “bundan sonra onun qaçaq-quldur qohumu yoxdur və onun bu dayısı oğlanlarını tanımaq belə istəmir”.

Bu zaman Məhəmmədhəsənin arvadı Təzəxanım vəfat edir. O Təzəxanım ki, körpəlikdən yetim qalan Xeyransaya baxıb, onu böyüdüb. Onun ölümü Xeyransa xanıma çox pis təsir edir. O, Əhməd bəyə yalvar-yaxar edir ki, onu dayısıgilə hüzrə getməsinə icazə versin. Əhməd bəy isə qəti olaraq etiraz edir. Belə olduqda Xeyransa xanım ağlaya-ağlaya deyir ki, “özüm pay-piyada yola düzəlib gedəcəyəm dayımgilə”. Əhməd bəy də ona cavab verir ki, “əgər məndən icazəsiz o evə gedərsənsə, bir daha bu evin üzünü görməzsən”.

 

Xeyransa xanım pay-piyada gedir qonşu kəndə dayısıgilə hüzrə. Əhməd bəy onun dalınca adam göndərmir. Aradan bir neçə gün keçir, Xeyransa xanımın dayısı onu evinə gətirir. Amma Əhməd bəy xanımını qəbul etmir. Xeyransa xanım nə qədər ağlasa da, yalvarsa da Əhməd bəy bildirir ki, “mən sənə əvvəlcədən sözümü demişdim. Olmaz!”.

 

Xeyransa xanımın bu hadisədən əsəbləşən dayısı oğlanları Əhməd bəydən izinsiz, xəlvət körpə Məhəmmədi oğurlayıb anasının yanına gətirirlər. Bunu eşidən Əhməd bəy oğlunu geri gətizdirir və birdəfəlik olaraq xanımı ilə əlaqəsini kəsir.

Nəticədə iki yaşlı Həmidə xanım və iki-üç aylıq qardaşı Məhəmməd bəy ömürlük anasız qalırlar. İllər sonra bu acılar haqqında Həmidə xanım xatirələrində yazırdı: “Biz qardaşımla dəhşətli həsrət çəkirdik. Elə hey anamızın geri dönəcəyini gözləyirdik. Bu hadisədən sonra qapımızdan fəlakətlər, bəlalar əskik olmadı. Atam bir-birinin ardınca saysız-hesabsız qəzalar, bədbəxtliklər yaşadı. Deyilənlərə görə anamın da üzüntüsünün hüdudu yox imiş. Atam üzə vurmasa da, o da dərdini ürəyində çəkirdi. Qardaşım 12-13 yaşı olanda bir neçə dəfə xəlvət anamla görüşmüşdü. Bu faciə onun ruhunu sarsıtmışdı. O, çox qaradinməz, içinə qapalı idi. Elə həyatını da acınacaqlı şəkildə başa vurdu. O, Moskvada Petrovski Akademiyasını bitirmişdi. 4 sentyabr 1900-cu ildə özünü Yevlax stansiyasında qatarın altına atdı. Atam qardaşımın ölümündən sonra çox sarsıldı. Hətta yatağa düşdü. 2 yanvar 1903-cü ildə vəfat etdi”.

 

Həmidə xanımın xatirələrindən o da bəlli olur ki, Əhməd bəy Xeyransa xanımı yenidən qəbul etməsə də, amma onun gedişinə ömrü boyu üzülüb. Nə ailə qurub, nə də bir qadınla yaxınlıq edib. Deyilənlərə görə Əhməd bəy hər zaman xidmətçilərinə, uşaqlarının dayələrinə, müəllimələrinə öz qızına olan münasibətdə olub. Həmidə xanım yazırdı ki, “80-cı illər idi. Anam gedəndən sonra atam bizim təlim-tərbiyəmiz üçün evimizə bir fransız qadını gətirdi. Həmin qadın dərslərimizlə məşğul olur, bizimlə gəzir, gecələri də bizimlə bir otaqda yatardı. Bir səhər yuxudan oyandıq və bizim madamzeli heç yerdə tapmadıq. Qulluqçular dedilər ki, atam dan yeri söküləndə onu geriyə -Xankəndiyə yola saldı. Sonradan bizə məlum oldu ki, fransız qadını atama yaxınlaşmaq istəyib, atam isə bildirib ki, onu uşaqlarının tərbiyəsi üçün gətirib, öz əyləncəsi üçün yox. Yerli camaat çox tündxasiyyət və sərt olan atamı bu mərd cəhətlərinə görə çox sevir və hörmətini saxlayır, ona hər sahədə etibar edirdilər”.

 

Deməli, xoşbəxtlik hər kəsə Tanrı tərəfindən verilən ən böyük nemətdir. Onu nə var-dövlətlə, nə də zor gücünə əldə etmək olar. Hər kəsə xoşbəxtlik nəsib olmaq arzusu ilə hələlik deyirəm.

 

Əməkdar jurnalist Qərənfil Dünyaminqızı