Yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib

Tarix: 10:56 01.03.2016
Azərbaycanda bu gündən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir.
İnformator.az-ın məlumatına görə, 2015-ci ilin dekabrın 29-da Milli Məclisdə qəbul olunmuş yeni məcəllə bu il fevralın 2-də Azərbaycan prezidenti tərəfindən martın 1-dən etibarən qüvvəyə minməsi şərti ilə təsdiqlənib. 40 fəsil, 608 maddədən ibarət yeni məcəllə bundan əvvəl qüvvədə olan məcəllə ilə müqayisədə 280-nə qədər dəyişikliyi özündə ehtiva edir. Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, Yeni Məcəllədəki Sürücülərin nəzərə almalı olduğu əsas yeniliklər bunlardır.
1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.
2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.
3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.
4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.
5. İcbari sığortası olmayan nəqliyyat vasitələrinə də elektron protokol – MMX tərtib olunacaq.
6. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.
7. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü https://www.asanpay.az/ saytında özü üçün elektron kabinet yaratmalıdır.
Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Sənəddə jurnalist adından sui-istifadə edilməsi, imzatoplama və seçki kampaniyasının pozulması, yaşayış və ictimai yerlərdə səs-küy salınması və digər məsələlərlə bağlı cəzalar sərtləşdirilir, KİV-ə qeyri-qanuni sponsorluq, icazəsiz xarici ölkə bayraqlarından istifadə olunması, alıcıların aldadılması və s. məqamlarla əlaqədar yeni cəzalar tətbiq edilir.