Tərtər, Ağdam, Goranboy və Füzulidə aşkarlanan hərbi sursatların hesabatı açıqlanıb
Bölmə: Hadisə › ,Tarix: 10:07 13.04.2016
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentlik (ANAMA) tərəfindən Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
ANAMA-dan İnformator.az-a verilən məlumatda bildirilir ki, Tərtər rayonunun Qapanlı kəndində gün ərzində 5 ev və həyətyani sahələrdə 14 partlayış yerinə baxış keçirilib, 13 ədəd partlamış, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.
Ağdam rayonunun Şükürağalı kəndində kənd sakini Hümbət Rzayevin həyətinə baxış keçirilib. Müəyyən olunub ki, həyətə düşən 122 mm-lik top mərmisi 1 metr dərinlikdə tam partlayıb. Sursatın ətrafında 500 kv.m ərazi yoxlanılıb, təhlükəli sursat və ya partlayıcı qalıqları aşkar edilməyib.
Təzəkənd kəndində kənd sakini Güloğlan Abbasovun həyətinə düşən sursatara baxış keçirilib. Müəyyən olunub ki, həyətə 2 yerdə düşən top mərmisi 1 metr dərinlikdə tam partlayıb. 1000 kv.m ərazi yoxlanılıb, təhlükəli sursat və ya partlayıcı qalıqları aşkar edilməyib.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 11 ev və həyətyanı sahələrdə mərmilərin düşüb partladığı ərazilər yoxlanılıb və sursatların qalıqları çıxarılıb.
Füzuli rayonunun Mizənağılı kəndində 3 ev və həyətyanı sahələrdə mərmilərinin düşüb partladığı ərazilər yoxlanılıb. 2 ədəd tam partlamış sursat və 1 ədəd döyüş vəziyyətində olan 82 mm-lik partlamamış minaatan mərmi aşkar olunaraq götürülüb.
Ümumilikdə, Agentlik tərəfindən 7-12 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 153 ev və həyətyanı sahələrə baxış kecirilib, 14 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.