İran Hörmüz boğazını minalamağa hazırlaşıb

Bölmə: Dünya › ,
Tarix: 09:40 02.07.2025

ABŞ rəsmiləri bildirir ki, İran ordusu keçən ay Fars körfəzindəki gəmilərə dəniz minaları yükləyərək Hörmüz boğazını bağlamağa hazırlaşıb.

 

Bu addım İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra atılıb. Boğazda yerləşdirilməyən, lakin gəmilərə yüklənmiş minalar Tehranın qlobal neft və qaz ticarətinin keçdiyi əsas dəniz yolunu bloklamağa hazır olduğunu göstərir. ABŞ-nin iyunun 22-də İranın üç əsas nüvə obyektini bombalamasından sonra İran parlamenti boğazın bağlanmasına dəstək verib, lakin yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verməlidir.


Ağ Ev rəsmiləri məsələyə ehtiyatla yanaşır, bu addımın İranın Vaşinqtonu təzyiq altına almaq üçün atdığı ehtimalını da nəzərdən keçirir. İran boğazı uzun illər bağlamaqla hədələsə də, indiyə qədər bu addımı atmadan kifayətlənib. Hazırda boğazdan dünyanın ən böyük enerji ixracatçıları – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İraq və Qətər neft və qaz nəql edir. İran özü də xam neftini həmin yoldan çıxarır, bu isə boğazın bağlanmasına dair qərarı iqtisadi baxımdan çətinləşdirir.

 

ABŞ Müdafiə Kəşfiyyat Agentliyi İranda 5000-dən çox dəniz minası olduğunu, onların sürətli qayıqlarla yerləşdirilə biləcəyini qeyd edir. Regionda ABŞ-nin Beşinci Donanması mina təmizləmə və ticarətin təhlükəsizliyini təmin etməklə məşğuldur. ABŞ Hərbi Dəniz Qüvvələri bir müddət mina əleyhinə gəmiləri Bəhreyndən çıxarıb. İran son olaraq Qətər yaxınlığındakı ABŞ bazasına raket hücumu ilə kifayətlənib. Lakin Vaşinqton Tehranın növbəti addımlarını istisna etmir.

 

Reuters
Qəmər Kazımzadə