İsrail Qəzzada 60 günlük atəşkəslə razılaşıb

Tarix: 19:45 02.07.2025
ABŞ Prezidenti Donald Tramp, İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.
Məsələ ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, İsrail–Fələstin münaqişəsi uzun illərdir davam edir:
“İsrail, Fələstin torpaqları hesabına öz ərazisini genişləndirməkdədir. Uzun müddətdir ki, bu konflikt mövcuddur. Atəşkəsin elan olunması, İsrail və Fələstin – xüsusilə də Qəzza arasında münaqişənin sonu demək deyil.
Qəzza ilə bağlı İsrail və ABŞ-nin planı, oradan fələstinliləri çıxarmaq və bu ərazini İsrailin torpağı kimi elan etməkdir. Bu və ya digər bəhanələrlə atəşkəslər pozulub və nəticədə İsrail yeni ərazilər əldə edib. ABŞ, Yaxın Şərqdə vəziyyəti İsrailin əli ilə gərginləşdirir. Bu, regionu nəzarətdə saxlamaq üçün məqsədli şəkildə yaradılan bir gərginlikdir.
Unutmayaq ki, Trampın hakimiyyətə gəlməsində Ümumdünya Yəhudi Lobbisinin həm siyasi, həm də maliyyə dəstəyi olub. Trampın prezidentliyi dövründə də Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair qərarı mövcud idi.
Trampın İsrail dövlətinə mənəvi borcu var. Yaxın Şərqdə sülhün bərqərar olması üçün mütləq şəkildə Fələstin dövlətinin ərazi bütövlüyü tanınmalıdır. Təəssüf ki, bu, real görünmür. Bu da ona görə real görünmür ki, Yaxın Şərqdə baş verən 12 günlük İsrail–İran müharibəsi buna imkan vermir".
Çimnaz Telmanqızı